Bütün avtobuslarda NFC ödəniş sistemi tətbiq olunur
Paytaxtın ictimai nəqliyyat sistemində rəqəmsallaşma istiqamətində növbəti addım atılıb. Bu gündən etibarən “BakuBus” MMC-yə məxsus bütün avtobuslarda NFC (təmassız ödəniş) sistemi tətbiq edilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, yeni sistem sərnişinlər üçün ödəniş prosesini daha sürətli və rahat etməyi hədəfləyir. Layihənin ilkin mərhələsində ardıcıl ödəniş imkanlarının genişləndirilməsi də əsas yeniliklər sırasındadır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında AzMİU-nun "Nəqliyyat" fakültəsinin baş müəllimi, t.ü.f.d. Bulud Bağırov bildirib ki, NFC (Near-Field Communication), yəni YSR (Yaxın Sahə Rabitəsi) deməkdir:
“Ödəniş sisteminin avtobuslarda tətbiqi sərnişinlər üçün daha rahat, sürətli və nağdsız ödəniş imkanı yaratmaq zərurətindən irəli gəlib. Yeni sistemlə, sərnişinlər artıq nağd pul və ya fiziki Bakıkart daşımalı deyillər-ödəniş telefon və ya bank kartı kimi NFC funksiyalı cihazlarla tez bir zamanda həyata keçirilə bilər. Bu yenilik ictimai nəqliyyatın müasirləşməsi və rəqəmsal ödəniş sistemlərinə keçidi baxımından da vacibdir. Bu, ümumi nəqliyyat şəbəkəsində ödəniş prosesini daha səmərəli hala gətirir. Qısa olaraq avtobus səfərlərində sürətli, nağdsız və müasir ödəniş üsullarının tətbiqi üçün NFC sistemi vacib hesab olunur”.
Bağırov ardıcıl ödəniş əməliyyatlarının sayının 1-dən 2-yə çıxarılmasının sərnişinlərə əlavə rahatlıq verdiyini, yəni bir sərnişinin bir cihazla iki ardıcıl səfər üçün də ödəniş edə biləcəyini də vurğulayıb:
“Bu, xüsusilə eyni istiqamətə qısa zamanda geri dönüş edildikdə və ya iki nəfərlik səfər zamanı rahatlıq yaradır. Yeni sistem mərhələli şəkildə tətbiq edildiyindən bu funksiya ilkin fazada sərnişin davranışını və ödəniş nümunələrini öyrənmək üçün faydalıdır və gələcəkdə ardıcıl ödəniş sayı daha da artırıla bilər. Yəni bu xüsusiyyət, xüsusilə sürətli dönüşlər və yaxud eyni istifadəçi üçün qısa intervalda bir neçə səfər etdikdə faydalıdır”.
Eyni zamanda o bildirib ki, yeni NFC ödəniş sistemi sərnişinlərin gündəlik nəqliyyat istifadəsində bir sıra dəyişikliklər yaradacaq:
“İlk növbədə nağdsız ödənişə keçid-sərnişinlər artıq avtobusda nağd pul üzərində dayanmalı deyil; banka bağlı NFC kartları və mobil ödəniş vasitələri ilə sürətli ödəniş edə bilərlər. Sonra, mobil və ağıllı cihazlardan istifadə-sərnişinlər telefon və ya ağıllı saat vasitəsilə gediş haqqını ödəmək kimi texnoloji vərdişləri gündəlik istifadə edəcəklər. Daha sonra, sadələşdirilmiş ödəniş təcrübəsi-ödəniş prosesi cihaza yaxınlaşdırmaqla dərhal tamamlanır, bu da dayanma vaxtını azaldır və gediş təcrübəsini sürətləndirir. Bu dəyişikliklər ictimai nəqliyyata keçiddə daha çox rəqəmsal və çevik ödəniş vərdişləri yaratmağa xidmət edir. Bu müasirləşməyə görə, RİNN-ə və AYNA-ya öz təşəkkürümüzü bildiririk".

Banu Məmmədova
