Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə 7 və 8 fevral tarixlərində Bakı–Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri təşkil edəcək.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti, AzMiU-nun “Nəqliyyat” fakültəsinin baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Bulud Bağırov bildirib ki, bayram və istirahət günlərində əlavə qatar reyslərinin təyin edilməsi sərnişin axınının daha balanslı paylanmasına və sıxlığın azaldılmasına mühüm təsir göstərir:
"Bu, xüsusilə, regionlara ailəvi səfərlərin artdığı dövrlərdə tələb-təklif tarazlığını qorumağa imkan verir. Əlavə reyslər həm sərnişinlər üçün rahatlığı artırır, həm də biletlərin qıtlığı və izdiham hallarının qarşısını alır. Üstəlik, bu addım ictimai nəqliyyata olan etimadı gücləndirir və fərdi avtomobillərdən asılılığı azaldır. Bu istiqamətdə sərnişin axınının artması bir neçə səbəblərdən ola bilər. Məsələn, regionlara sosial və ailəvi səfərlərin çoxalması, xüsusilə Qərb bölgələrinə doğru hərəkətin intensivləşməsi, bilet qiymətlərinin sərfəli olması və avtomobil nəqliyyatı ilə müqayisədə daha rahat səyahət imkanının olması, yol şəraitinin və qatar komfortunun yaxşılaşması, yeni vaqonların istifadəyə verilməsi, ekoloji baxımdan daha dayanıqlı nəqliyyat vasitəsinə üstünlük verilməsi tendensiyasını misal göstərmək olar. Bundan əlavə, regionlarda turizm və iqtisadi fəallığın artması da sərnişin tələbatını artıran mühüm amillərdəndir. Bakı–Ağstafa–Qazax xətti Azərbaycan Dəmir Yolları sistemində strateji əhəmiyyət daşıyır. İnfrastruktur baxımından bu marşrutda reyslərin sayının mərhələli şəkildə artırılması mümkündür, lakin bunun üçün müəyyən texniki və logistika tənzimləmələri tələb olunur. Məsələn: Stansiyalarda xidmət tutumunun artırılması, qatarların dövriyyə qrafiklərinin optimallaşdırılması, enerji və siqnalizasiya sistemlərinin modernləşdirilməsi kimi tədbirlər vacibdir. Əgər sərnişin tələbi sabit artım dinamikası göstərərsə, bu istiqamətdə daimi və gündəlik reyslərin sayının artırılması həm iqtisadi, həm də sosial baxımdan məqsədəuyğun hesab edilə bilər. Onu da qeyd edim ki, son illər Azərbaycan Dəmir Yollari QSC-nin Azərbaycanın İqtisadiyatına təkan verəcək Zəngəzur dəhlizinin açılmasında gördüyü işlər danılmazdır və bu sahədə böyük töhvələr verməsi gözlənilir. Həmçinin, "11 Saylı İxtisaslaşdırılmiş Dəmir Yolu Müəssisəsi" MMC bu istiqamətdə görülən işçi layihələrin müəllifidir".

Aişə Mustafayeva
