Bakı Bəyannaməsi imzalanıb
D-8 ölkələrinin media sahəsində əməkdaşlığının genişləndirilməsi üzrə Bakı Bəyannaməsi qəbul olunub.
"İnformator.az" xəbər verir ki, sənəd Bakıda "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda keçirilən D-8 Media Forumu çərçivəsində qəbul edilib.
***
Bakıda keçirilən “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunda üzv dövlətlər arasında media sahəsində birgə inkişaf və əməkdaşlıq ilə bağlı Bakı Bəyannaməsi imzalanıb.
Bəyannamənin mətnini təqdim edirik:
“Biz - İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) üzvlərinin - Azərbaycan Respublikasının, Banqladeş Xalq Respublikasının, Misir Ərəb Respublikasının, İndoneziya Respublikasının, İran İslam Respublikasının, Malayziyanın, Nigeriya Federativ Respublikasının, Pakistan İslam Respublikasının və Türkiyə Respublikasının hökumətləri və media nümayəndələri 2025-ci il noyabrın 21-də “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda keçirilən birinci D-8 Media Forumu üçün Azərbaycanın Bakı şəhərində görüşdük.
Biz D-8-in gücləndirilməsinə, onun daha dinamik, nüfuzlu iqtisadi blok kimi inkişaf etdirməyə yönəlmiş liderliyinə və dəyərli töhfələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Biz, həmçinin D-8-in bütün üzv dövlətlərinin, xüsusilə informasiya nazirliklərinin, milli media orqanlarının və media agentliklərinin Forumun işinə verdikləri fəal və dəyərli töhfələri yüksək qiymətləndiririk.
D-8-in prinsiplərini bir daha təsdiqləyərək və inkişaf edən qlobal media mühitində daha fəal əməkdaşlığın getdikcə artan əhəmiyyətini anlayaraq, aşağıdakıları bəyan edirik:
Qarşılıqlı anlaşmanı, regional həmrəyliyi və ortaq inkişaf məqsədlərini təşviq etmək üçün D-8-in üzv dövlətləri arasında media sahəsində əməkdaşlığı gücləndirməyə sadiqliyimizi bir daha vurğulayırıq.
