00:00:00
Yazar
Admin User
15.01.2026 07:02 384 4 dəq oxuma
Media

Bakı Dövlət Universitetində Respublika elmi-praktik konfransı keçirilib

Bakı Dövlət Universitetində Respublika elmi-praktik konfransı keçirilib

Bakı Dövlət Universitetində “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzusunda Respublika elmi-praktik konfransı keçirildi.

 

“İnformator.az” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması istiqamətində gördüyü işlər, verdiyi töhfələrlə bağlı videoçarx nümayiş etdirildi.

 

Açılış nitqini Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev etdi. O qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsdiq olunub.

“Bu, ana dilimizin hüquqi statusunun möhkəmləndirilməsi və onun cəmiyyətin bütün sahələrində tam şəkildə işlədilməsinin təmin olunması baxımından mühüm tarixi hadisədir. Ulu Öndər gənclərimizin öz ana dilinə hörmətlə yanaşmasını daim vurğulayıb, ziyalılarla, ədəbi dil xadimləri ilə keçirdiyi görüşlərdə Azərbaycan dilinin saflığının qorunmasının, onun yad təsirlərdən uzaq saxlanmasının vacibliyini xüsusi qeyd edib. Bu uğurlu və məqsədyönlü dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Azərbaycan dilinin qorunması, onun tətbiq dairəsinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi istiqamətində qəbul edilən sənədlər dilçilik elminin inkişafına, ədəbi dil normalarının möhkəmlənməsinə, eləcə də ana dilimizin cəmiyyətin bütün sahələrində düzgün və səmərəli istifadəsinə böyük töhfə verib”, - deyə rektor bildirdi. 

 

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov isə Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması ilə bağlı fikirlərinin vacibliyini diqqətə çatdırdı. Ə.İsmayılov dilin qorunması və dil mədəniyyətinin inkişafı ilə bağlı Medianın İnkişafı Agentliyinin təlimlər təşkil etdiyini vurğuladı.

 

"Biz bu gün cəmiyyətin daha çox diqqət mərkəzində olan audiovizual mediada ədəbi dilimizin düzgün işlədilməsi məsələsini müzakirə edirik. Amma ölkə mediasının digər seqmentlərində də ədəbi dilimizin norma və prinsiplərinin qorunması bizim üçün eyni dərəcədə aktualdır. Artıq Mətbuat Şurasında Dil Komissiyası yaradılıb. Ölkə mediasının sistemli monitorinqinin aparılmasının bu sahədə buraxılan səhvlərin operativ formada aradan qaldırılmasına təkan verəcəyinə əminik.

Medianın İnkişafı Agentliyinin əsas prioritetlərindən biri də dövlət dilimizin mediada düzgün istifadə edilməsi prosesinə həssas yanaşmaqdan, bu sahədə jurnalist peşəkarlığının artırılmasına təkan verməkdən ibarətdir”.

 

Çıxış zamanı Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov da Azərbaycan dilinin normalarına riayət olunmasını və vacibliyini vurğuladı. Bu mövzuda monitorinqlərin keçirildiyini diqqətə çatdırdı.

"Müasir media mühitində Azərbaycan dilinin saflığına təsir edən ən böyük problemlərdən biri xarici dillərdən heç bir ehtiyac olmadan dilimizə keçən və geniş şəkildə istifadə edilən sözlərdir. Bu cür halların qarşısının alınması məqsədilə Audiovizual Şura ötən ildən televiziya kanallarında xarici sözlərin istifadəsi ilə bağlı monitorinqlər aparır. Hazırda bu monitorinqlər davam etdirilir”.

 

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov qeyd etdi ki, media cəmiyyətin güzgüsüdür. Cəmiyyətdə baş verən bütün müsbət və mənfi hallar, o cümlədən dil mədəniyyətinin səviyyəsi, ilk növbədə, mediada əks olunur. Bu baxımdan media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Dil normalarına riayət olunması, ədəbi dilin qorunması və düzgün təqdim edilməsi cəmiyyətə birbaşa təsir göstərir.

 

Növbəti olaraq söz Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədliyə verildi. O qeyd etdi ki, dil, ilk növbədə, öz daxili imkanları hesabına inkişaf etdirilməli və zənginləşdirilməlidir. Kənar sözlərə ehtiyac minimuma endirilməlidir. Burada əsas məsələ balansın qorunması, dilin təbii inkişaf yolunun təmin edilməsidir. Dilin daim inkişaf etdiyinə, yeni sözlərin yarandığına və dilə daxil olduğuna diqqət çəkən professor N.Məmmədli sonda əlavə etdi ki, bu proseslərin fonunda normativ baza da mütəmadi olaraq təkmilləşdirilməlidir.

 

Daha sonra “REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mir Şahin Ağayev vurğuladı ki, Prezident İlham Əliyevin bu sahəyə münasibəti həyata keçirilən dövlət siyasətinin mahiyyətini aydın şəkildə göstərir. Prezidentin Azərbaycan dili ilə bağlı çıxışları və mövqeyi bizim üçün əsas yol xəritəsi olmalı, hər birimiz bu yol xəritəsinə uyğun şəkildə ana dilimizin qorunmasına və inkişafına töhfə verməliyik.

 

"ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov isə qeyd etdi ki, xəbər buraxılışlarında xarici adların və terminlərin düzgün tələffüzü ilə bağlı məsələlərə xüsusi diqqət yetirilməlidir. O, rus və ingilis dillərindən tərcümənin düzgün olunmadığını, bunun da Azərbaycan dilinin saflığına təsir göstərdiyini bildirdi. 

 

Konfransın elmi-praktik hissəsində məruzə üçün çıxış BDU-nun Milli Mətbuat Tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədliyə verildi. Cahangir Məmmədli bəzi televiziya kanallarının maarifçilik mövzusunda layihələrinin olduğunu dedi. Dilimizdə ərəb-fars sözlərinin Azərbaycan dilinə xələl gətirdiyini nəzərə çatdırdı. Bununla bağlı qonaqlara nümunələr də səsləndirdi.

 

BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli isə qonaqlara reqlament, yəni qaydalar təqdim etdi. Professor elmi baxımdan kökü eyni olan sözlərin alınma sözlər olmadığını diqqətə çatdırdı. Türk dilinin qrammatikasından gələn sözlərin də bəzən Azərbaycan dili üçün xarakterik olmadığını bildirdi. Qulu Məhərrəmli məntiqi vurğunun da Azərbaycan dili üçün əhəmiyyətini nəzərə çatdırdı.

 

Sonuncu olaraq məruzə üçün nitq BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynovaya verildi. X.Hüseynova Azərbaycan dilinin zənginliyini, önəmini vurğuladı. O, dil və nitqin fərqini nəzərə çatdırdı. Televiziyanın çox vaxt gənclərə doğru və nümunəvi dil forması kimi təqdim edildiyini bildirdi. Dil vahidlərindən istifadə edərək insanın nitqinin formalaşmasının vacibliyini qeyd etdi. Həmçinin bu mövzuda təlimlərin, layihələrin daha çox keçirilməsini təklif etdi. 

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər