00:00:00
Yazar
Admin User
02.02.2026 18:44 74 3 dəq oxuma
Sosial

Bakı Dövlət Universitetinin tələbələri təltif olunublar

Bakı Dövlət Universitetinin tələbələri təltif olunublar

Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev universitetin ictimai həyatında fəal iştirak edən gənclər təşkilatlarının üzvləri və tədris göstəricilərinə görə fərqlənən tələbələrlə görüşüb.

 

Əliş Ağamirzəyev 2025-ci ilin BDU-nun həyatında əlamətdar hadisələrlə yadda qaldığını və universitetdəki tələbə təşkilatlarının daha da aktiv fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, 2020-ci ildə ali məktəblər arasında ilk dəfə BDU-da Humanitar məsələlər və gənclər siyasəti şöbəsi yaradılıb. Şöbənin əsas fəaliyyəti dövlət gənclər siyasətinin icrası, gənclər təşkilatlarının sistemli idarəsi və davamlı inkişafına əsaslanıb. Hazırda BDU-da Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və “BDU könüllüləri” təşkilatı minlərlə tələbənin inkişafı istiqamətində uğurlu layihələr icra edir. Bununla bərabər, BDU tələbələri ölkə miqyaslı tədbirlərdə də böyük fəallıq nümayiş etdirirlər.

 

Bu ilin ölkəmizdə Prezident İlham Əliyevin qərarı ilə “Şəhərsalma və Memarlıq İli” elan edildiyini deyən prorektor Əliş Ağamirzəyev tələbələri bu istiqamətdə fəal olmağa çağırıb. Fərdi təşəbbüs və layihələrin onların özünüifadə və innovativ düşüncə qabiliyyətlərinin inkişafına təkan verəcəyini qeyd edib:

“Şəhərsalmada urbanizasiyanın rolu və süni intellektin müasir şəhərlərdə tətbiqi bu gün aktualdır. Gənclərin belə təşəbbüslərlə çıxış etməsinə biz hər zaman dəstək olmağa hazırıq. Ümummilli Lider Heydər Əliyevin məzunu olması ilə fəxr etdiyi BDU-nun tələbələri hər zaman savadlı, vətənpərvər olmalıdır. Biz buna əminik”.

 

Daha sonra universitetin ictimai həyatında fəal iştirak edən gənclər təşkilatlarının üzvləri və tədris göstəricilərinə görə fərqlənən tələbələr təltif ediliblər.

 

Fərqlənən tələbələr sırasında "İnformator.az"ın admin-redaktoru Nigar Həsənzadə də olub: 

 

"Bu gün BDU-da THİK-in təşkilatçılığı ilə ictimai fəaliyyətdə fəallığı ilə seçilən gənclərin təltif olunması mərasimi keçirildi. Bu gənclər arasında yer almaq mənim üçün böyük şərəf və qürur mənbəyidir.

 

Universitetə qəbul olduğum ilk gündən etibarən müxtəlif tədbirlərdə, könüllü layihələrdə, təlim və inkişaf proqramlarında aktiv iştirak edərək, eyni zamanda akademik göstəricilərimlə universitetimi layiqincə və uğurla təmsil etməyə çalışmışam. Bu yol asan olmayıb, lakin hər addım mənə həm təcrübə, həm də dəyərli qazanc bəxş edib.

 

Gördüyüm işlərin və göstərdiyim səylərin bu cür qiymətləndirilməsi məndə həm böyük sevinc, həm də məsuliyyət hissi yaradır. Bu mükafat mənim üçün təkcə bir uğur göstəricisi deyil, eyni zamanda gələcək fəaliyyətlərim üçün ciddi motivasiyadır.

 

Gələcəkdə də üzərimə düşən məsuliyyəti dərk edərək, bilik və bacarıqlarımı inkişaf etdirməyə, universitetimə və cəmiyyətə faydalı olmağa davam edəcəyəm. Bu dəyəri verən hər kəsə təşəkkür edirəm".

 

Təltif olunan tələbələrdən biri Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının Jurnalistika fakültəsi üzrə sədri Namiq İslamzadə də təəssüratlarını "İnformator.az"la bölüşüb:

 

"Bu gün, 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə universitetin məni mükafatlandırması mənim üçün sadəcə bir diplom və ya təşəkkür deyil, gördüyüm işlərə verilən dəyərin ifadəsi idi. Jurnalistika fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının sədri olaraq bu günə gələn yolun arxasında çox zəhmət, çox yuxusuz gecələr və böyük inam dayanır.

 

İndiyə qədər həyata keçirdiyim sosial layihələr mənim üçün adi fəaliyyət yox, məsuliyyət və vicdan məsələsi olub. Onların içində Zəfər Gününə həsr olunmuş Şuşa səfəri isə yaddaşımdan heç vaxt silinməyəcək bir xatirədir. O torpaqda atılan hər addım, çəkilən hər nəfəs mənə həm qürur, həm də daha çox çalışmağın vacibliyini xatırlatdı.

 

Komandam mənim gücümdür. Yorulduğum anlarda dayaq olan, ideyalarımı mənim qədər sevən, bu yolu mənimlə çiyin-çiyinə gedən insanlar məhz onlardır. Bu gün aldığım mükafat əslində təkcə mənim yox, bütün komandamın əməyinin nəticəsidir.

 

Bu mükafatlandırma məni çox xoşbəxt etdi. İçimdə yeni ideyalara, daha böyük layihələrə doğru güclü bir stimul yaratdı. Qarşıda görüləcək çox iş, deyəcək çox söz var. Necə deyərlər, sənət uzun, ömür qısa. Göstərilən diqqətə və etimada görə rəhbərliyə dərin təşəkkürümü bildirirəm. Bu gün bizlərə mükafatımızı təqdim edən Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş müəllimə dərin minnətdarlığımı bildirirəm".

 

Ayan Sədi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər