Bakı Dövlət Universitetində “Texnologiya və biz” adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) əməkdaşlığı ilə “Texnologiya və biz” adlı tədbir təşkil olunub. Tədbirin qonağı İnternet Forumunun prezidenti Osman Gündüz olub.
Tədbirin açılışını Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev edərək qonağı tələbələrə təqdim edib. Daha sonra Osman Gündüz tələbələrlə salamlaşaraq Samir müəllimə təşəkkürünü bildirib.
O qeyd edib ki, 15 il ərzində universitetdə İnternet jurnalistikası fənnini tədris edib. Çıxışı zamanı internetin yaranma tarixindən, klassik və ənənəvi medianın inkişaf mərhələlərindən danışıb.
Osman Gündüz bildirib ki, hazırkı dövrdə media sahəsində müəyyən bir çaxnaşma müşahidə olunur və bu mərhələnin adını hələ tam müəyyənləşdirmək mümkün olmayıb. O, həmçinin Xəbərlər.az saytının rəhbəri olduğunu vurğulayaraq, redaksiyada gedən proseslərdən nümunələr təqdim edib.
Qonaq faktların dəqiqliyi və analitik yanaşmanın müasir jurnalistika üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, əvvəllər jurnalist qəbulu zamanı verilən suallarla indiki dövrdə verilən sualları müqayisə edərək aradakı fərqin böyük olduğunu diqqətə çatdırıb.

Süni intellektin media sahəsinə təsirindən danışan Osman Gündüz redaksiyaların getdikcə kiçildiyini bildirib. O qeyd edib ki, yalnız süni intellektlə işləyən və standart xəbər yazan şəxslərə gələcəkdə tələbat azalacaq.
Bununla yanaşı, o, bəzi ixtisaslarda təhsil müddətinin daha qısa olmasının tərəfdarı olduğunu, süni intellektin isə müəllim üçün vacib bir alətə çevrildiyini deyib. O, süni intellektdən balanslı və düzgün istifadə etməyin vacibliyini vurğulayıb.
Daha sonra tələbələr qonağa müxtəlif suallar ünvanlayıb, qarşılıqlı müzakirələr aparılıb və Osman Gündüz bütün sualları cavablandırıb.
Tədbirin sonunda tələbələrlə xatirə fotosu çəkdirilib.
Aişə Mustafayeva