Bakı Limanı bu il 120 min TEU konteyner aşırmağı hədəfləyir
Bu il Bakı Limanında aşırılacaq konteynerlərin həcminin ötən illə müqayisədə 13 min TEU çox - 120 min TEU olması hədəflənir.
"İnformator.az" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov Türkmənistandan gələn "Gadamly" ilk quru yük gəmisinin qarşılanma mərasimində bildirib.
"Hazırda 4 aylıq aşırma göstəriciləri hesablanır - operativ məlumatlar hazırlanır. Keçən ilin göstəriciləri ilə demək olar ki, eynilik var - hətta bir az da artıqdır. Bakı limanının tarixində ilk dəfə 8-ci körpüdəyik, 7-ci körpü artıq istifadəyə verilib və o, daha çox konteyner əməliyyatları üçün nəzərdə tutulub. Və bu türkmən gəmisinin istifadəyə verilməsi, 7-ci körpünün fəaliyyətə başlaması bizim konteyner əməliyyatlarının daha sürətli, daha çevik idarə olunmasına xidmət edəcək. Əlavə olaraq İtaliya istehsalı olan, 125 ton yükqaldırma imkanına malik mobil liman kranının istifadəyə verilməsi bizim yükaşırma imkanlarımıza əlavə güc qatır", - deyə o qeyd edib.