00:00:00
Yazar
Admin User
25.11.2025 18:09 179 3 dəq oxuma
Sosial

Bakı metrosunda havalandırma çatışmazlığı sıxlığı artırır

Bakı metrosunda havalandırma çatışmazlığı sıxlığı artırır

Bakı metrosunun dərin stansiyalarında havalandırmanın zəif olması sərnişin axınını ləngidir və pik saatlarda sıxlığın tez yaranmasına səbəb olur. “28 May”, “Elmlər Akademiyası” və “Gənclik” stansiyalarında sərnişinlər nəfəsalma çətinliyi və hərəkətdə ləngimə müşahidə olunduğunu bildirirlər. Havalandırma sisteminin yenilənməsi sıxlığı azaltmaq üçün əsas addımlardan biri sayılsa da, bununla bağlı konkret planların olub-olmaması hələlik məlum deyil.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, havalandırma ilə bağlı məsələlərə yanaşma kompleks şəkildə aparılmalıdır:

 

"Bu istiqamətdə bir neçə mərhələli işlər görülməlidir. Mövcud sərnişin axını tək bir istiqamətdə yüklənməməli, yeni xətlər və stansiyalar vasitəsilə bu yük fərqli istiqamətlər üzrə bölünməlidir. Bu, həm sıxlığı azaldacaq, həm də havalandırma sistemlərinə düşən yükü balanslaşdıracaq. Havalandırma sistemləri havanı yerin üstündən götürür. Lakin uzun illər ərzində yol infrastrukturu genişləndirilərkən ağaclar məhv edilib və asfalt səhralar yaranlb. Bu isə istiliyi artırır və alınan havanın keyfiyyətini azaldır. Bu səbəbdən əks proses baş verməli, küçə boyu ağaclar əkilməli, yaşıl zolaqlar yaradılmalı və şəhərdə mikroiqlim – sərin hava axını formalaşdırılmalıdır. Belə olduqda, havalandırma sistemləri daha keyfiyyətli və sərin hava ilə təmin oluna bilər. Metro sistemində mütəmadi olaraq texniki təkmilləşdirmə işləri aparılır. Bu işlər çərçivəsində havalandırma sistemləri də yenilənməlidir. Lakin yalnız texniki yenilənmə yetərli deyil – sistemli və koordinasiyalı yanaşma tələb olunur. Bütün bu məsələlər birlikdə – yəni metro xətlərinin genişlənməsi, şəhərin mikroiqliminin yaxşılaşdırılması və texniki yenilənmələr paralel şəkildə aparılmalıdır. Əks halda, təkcə bir elementi yeniləməklə problem tam həll olunmayacaq. Qeyd edək ki, Bakı metrosunun 58 illik tarixi var və bu müddət ərzində infrastruktur köhnəlib. Dövlət proqramı çərçivəsində 2030-cu ilə qədər yeni stansiyaların açılması, mövcud xətlərin və sistemlərin yenilənməsi və texniki baxımdan təkmilləşdirilməsi planlaşdırılır ki, bu da ümumi keyfiyyətin artırılmasına mühüm töhfə verəcək".

 

Mövzu ilə bağlı digər nəqliyyat eksperti Aslan Əsədov isə bildirib ki, metrolara giriş-çıxışla bağlı hər hansı adekvat addım yalnız yeni texnologiyalar və qabaqlayıcı tədbirlərin tətbiqi ilə mümkün ola bilər:

 

"Məsələn, yeni havalandırma sistemlərinin quraşdırılması, ventilasiya şaxtalarının yeni metodologiyalar əsasında inkişaf etdirilməsi və yaxud yeni şaxtaların qazılması bu istiqamətdə görülə biləcək əsas işlərdəndir. Bu məsələlərin həlli üçün insan axınının süni şəkildə azaldılması və ya məhdudlaşdırılması (məsələn, buradan get, oradan get kimi istiqamətləndirmə) real və effektiv nəticə verməz. Belə yanaşmalar nə praktikdir, nə də uzunmüddətli fayda vəd edir. Yeganə çıxış yolu bu prosesləri elmi əsaslarla, müasir texnologiyaların köməyi ilə həll etməkdir. Əks halda atılan qeyri-ardıcıl addımlar həm səmərəsiz, həm də uyğun olmayan tədbirlər kimi qiymətləndirilə bilər".

 

Məsələ ilə bağlı metrodan istifadə edən Nuray Qədirli bildirib ki, metrodan istifadə edəndə havalandırma problemini açıq şəkildə hiss edirəm:

 

"Xüsusilə dərin stansiyalarda hava çox ağır olur, içəri daxil olan zaman isti və havasızlıq hiss olunur. Pik saatlarda sərnişin sayı çox olur, sıxlıq artır və bu zaman nəfəs almaq çətinləşir. Həmçinin uzun müddət gözləyəndə və hərəkət edəndə yorğunluq daha çox olur. Düşünürəm ki, havalandırma sistemlərinin yaxşılaşdırılması və sərin havanın təmin edilməsi sərnişinlər üçün çox vacibdir. Qatar hərəkət edəndə hava axını dəyişir. Bu da bəzən isti və ağır hava kimi hiss olunur. Pik saatlarında çox insan olur. Sərnişin sayı çox olanda hava daha tez ağırlaşır, oksigen azalır. Köhnə stansiyalarda havalandırma zəifdir. Bəzi stansiyalardakı ventilyasiya sistemləri yenilənmədiyi üçün isti və havasızlıq hissi daha çox olur. Qatarların içi tam soyudulmur. Xüsusilə köhnə vaqonlar yayda çox qızır – buna görə də içəridəki hava dövr etmədiyi üçün havasızlıq olur".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər