Bakı məktəblilərindən 52 nəfər qızıl və gümüş nişan qazanıb
2025-ci ildə Bakı məktəblərinin XI sinif məzunlarından 42 nəfəri qızıl, 10 nəfəri isə gümüş nişana layiq görülüb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Məktəblilərin uğurları təhsil sahəsində yüksək nəticələrin göstəricisidir.
Mövzu ilə bağlı “Master of Science” Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, zəif nəticə göstərən məktəblərdə keyfiyyətin artırılması üçün addımlar atılmalıdır:
“Əslində, 52 qızıl nişanın qazanılması Bakı məktəbləri üçün çox böyük uğur hesab olunmur. Amma 22 gümüş nişan- bu, artıq əhəmiyyətli göstəricidir və uğurun əlamətidir. Məktəbin uğurlu nəticəyə təsiri məsələsinə bir neçə mühüm amil təsir göstərir. Məsələn: keyfiyyətli tədris sistemi və peşəkar müəllim heyətinin daha çox Bakı məktəblərində cəmlənməsi, MİQ imtahanlarında yüksək bal toplayan müəllimlərin əksəriyyətinin məhz Bakı məktəblərini seçməsi, valideyn dəstəyi, motivasiya və ailə mühiti , məktəbdaxili nizam-intizam, rəqabət və uğur mədəniyyəti. Bütün bu faktorlar şagirdlərin uğur qazanmasına şərait yaradır.Bu cür yüksək nəticələrin təkcə müəyyən məktəblərdə deyil, ümumi olaraq yayılması üçün hansı addımlar atıla bilər? Zəif nəticə göstərən məktəblərdə müəllim hazırlığı gücləndirilməli, əlavə təlim və mentorluq proqramları tətbiq olunmalıdır, yüksək nəticə göstərən məktəblərin metodları digərlərinə ötürülməlidir, aşağı nəticə göstərən şagirdlər üçün fərdi yanaşma və xüsusi dəstək proqramları hazırlanmalıdır. Bu və digər addımlar nəticəsində uğurlu nəticələr təkcə mərkəzi məktəblərlə məhdudlaşmaz, regionlara da yayılmış olar. Bu, təhsilin keyfiyyətini ümumilikdə artırar”.
Mələk Hüseynova
