Bakı Sülhə Hazırdır, Bəs İrəvan? - ATƏT-dən gələn mesajlar və "hüquqi gecikmələr"
Milli Məclisin deputatı Sevinc Fətəliyeva ATƏT PA-nın iclasında beynəlxalq birliyə mühüm bir tezisi xatırlatdı: Davamlı sülh yalnız kağız üzərində deyil, beynəlxalq hüquqa hörmət və insan ləyaqətinin dirçəldilməsi ilə mümkündür. Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə məhz bu ləyaqəti geri qaytarır.
Bəs sülhün qarşısındakı əsas əngəl nədir?
Mövzunu "İnformator.az" üçün şərh edən politoloq Züriyə Qarayeva diqqəti ən kritik nöqtəyə yönəldərək bildirdi ki, Ermənistanın konstitusiya dəyişiklikləri kimi hüquqi öhdəlikləri ləngitməsi hazırda sülhün qarşısındakı əsas risk mənbəyidir.

O vurğuladı ki, sülh sadəcə xoş bəyanatlarla deyil, qarşılıqlı ərazi bütövlüyünü şübhə altına alan hüquqi-siyasi mexanizmlərin kökündən aradan qaldırılması ilə mümkündür. Ermənistan öz konstitusiyasında və siyasi ritorikasında Azərbaycana qarşı ərazi iddialarını saxladıqca, imzalanacaq hər hansı sənəd dayanıqlı sülhə deyil, sadəcə yeni mübahisələrə zəmin yaradacaq. Bu baxımdan, İrəvan ilk növbədə revanşizm fəlsəfəsindən, xarici himayəçilikdən və "üçüncü qüvvələr hesabına təhlükəsizlik" illüziyasından birdəfəlik imtina etməlidir. Çünki Cənubi Qafqazda real inteqrasiya yalnız suverenlik, sərhədlərin toxunulmazlığı və regional məsuliyyət prinsipləri əsasında qurula bilər.
Müsahibimizin fikrincə, Azərbaycanın Qarabağda tətbiq etdiyi reabilitasiya modeli bu gün dünyaya fərqli bir dövlət strategiyası nümayiş etdirir.
Çünki azad edilmiş torpaqlarda aparılan işlər təkcə infrastruktur layihələrindən - yolların, hava limanlarının, müasir şəhər və kəndlərin tikintisindən ibarət deyil. Bu proses həm də otuz ilə yaxın yurdlarından didərgin düşmüş insanların öz evlərinə ləyaqətli qayıdışının təmin edilməsidir. Həyata keçirilən "Böyük Qayıdış" proqramı sübut edir ki, humanitar böhranın real həlli yalnız yardım paylamaqla bitmir. Bu model təhlükəsiz yaşayış mühiti, məşğulluq, sosial ədalət və icma həyatının tam bərpası deməkdir. Azərbaycan məhz bu insan mərkəzli inkişaf strategiyası ilə postmüharibə reabilitasiyasının yeni dünya standartını yaradır.
Lalə Qafarova