Bakı və Əbu-Dabi qardaş şəhər ola bilər
Azərbaycanın paytaxtı Bakı ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin qurulması gündəmdədir.
Bu məsələ Prezident İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla Əbu-Dabidə keçirilən görüşü zamanı müzakirə olunub. Görüşdə iki şəhər arasında əməkdaşlıq əlaqələrinin yaradılmasının mümkünlüyü qeyd edilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, şəhərlər, xüsusilə də paytaxtlar adətən o zaman qardaşlaşır ki, ölkələr arasında münasibətlər inkişaf edir və bu əlaqələri daha da irəli aparmaq niyyəti mövcuddur:
"Bununla dövlətlər strateji tərəfdaş olduqlarını nümayiş etdirirlər. Bu addımın "Sülh Qalxanı- 2026" birgə hərbi təlimləri və müdafiə sahəsində imzalanmış niyyət məktubu ilə eyni vaxta təsadüf etməsi də təsadüfi deyil. Tərəflər bununla iki ölkənin hərbi-siyasi sahədə dərinləşən koordinasiyasını nümayiş etdirir. Bu əməkdaşlıq xüsusilə şəhər idarəçiliyinə müsbət təsir göstərəcək. Tərəflər ağıllı şəhər, rəqəmsal infrastruktur və bələdiyyə idarəçiliyi sahələrində təcrübə mübadiləsi aparmaq imkanı qazanır. Vizasız rejimin tətbiqi ilə yanaşı, şəhərlər arasında qardaşlaşma mədəniyyət, təhsil və turizm axınının daha da intensivləşməsinə birbaşa təkan verir".
Aişə Mustafayeva
