00:00:00
Yazar
Admin User
02.02.2026 16:55 63 3 dəq oxuma
Sosial

Bakı və regionlarda yaşıllıqlar yoxa çıxır

Bakı və regionlarda yaşıllıqlar yoxa çıxır

Ekoloqlar bildirir ki, Bakı və regionlarda yaşıllıq sahələrinin sürətlə azalması şəhər ekosisteminə ciddi təsir göstərir. Qeyri-qanuni tikinti, yol genişləndirmələri və sənaye inkişafı yaşıllıq sahələrinin itirilməsinə səbəb olur, bu isə hava keyfiyyətinin pisləşməsi və iqlim dəyişikliklərinə şərait yaradır. 

 

Mövzu ilə bağlı vətəndaş Mehriban Əliyeva “İnformator.az”a açıqlamasında bildirib ki, ətraf mühitin qorunması hər kəsin şəxsi məsuliyyətidir:

 

“Mən gündəlik həyatda ağaclara zərər verməməyə, ətrafı təmiz saxlamağa çalışıram. İmkan olduqda ağacəkmə aksiyalarında iştirak etmək və insanları yaşıllıqlara daha diqqətli yanaşmağa çağırmaq istəyirəm. Düşünürəm ki, hər kəs öz kiçik töhfəsini versə, nəticə daha böyük olar”.

 

Vətəndaş Aynur Qafarova isə açıqlamasında deyib ki, ətraf mühitin qorunması hər bir insanın gündəlik davranışlarından başlayır:

 

“Hər kəs yaşadığı ərazidə yaşıllıqlara daha diqqətlə yanaşmalı, ağacların məhv edilməsinə laqeyd qalmamalıdır. Mən özüm tullantıların düzgün atılmasına, yaşıllıq sahələrinin qorunmasına diqqət edirəm və bu mövzuda ətrafımdakı insanları da maarifləndirməyə çalışıram. Yerlı hakimiyyət orqanları yaşıllıq sahələrinin qorunması ilə bağlı daha ciddi nəzarət mexanizmləri tətbiq etməli, ictimaiyyət isə bu prosesdə fəal iştirak etməlidir”.

 

Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, yaşıllıqların məhv edilməsi ilə bağlı həyəcan siqnalı artıq uzun müddətdir verilir:

 

“Biz illərdir bu məsələ ilə bağlı xəbərdarlıq edirik. Təəssüf ki, bəzi insanlar müxtəlif bəhanələrlə ağacları məhv edirlər - kimisi yanacaq olmadığını deyir, kimisi torpaq sahəsinin ona məxsus olduğunu əsas gətirir, kimisi isə ağacların qocaldığını iddia edir. Burada əsas problem sistemli nəzarətin və ictimai mühitdə məsuliyyətli münasibətin olmamasıdır. Ağacların əkilməsi ilə yanaşı, onlara düzgün qulluq göstərilməməsi ciddi problemlər yaradır. Şəxsi təşəbbüslə əkilmiş ağaclara sonradan qulluq edilmir. Nəticədə, onların bir qismi quruyur, bir qismi sıradan çıxır. Ağac əkilib, lakin suvarma sistemi qurulmayıbsa, bu işin heç bir faydası olmur. Xüsusilə, şəhər şəraitində ağacların yaşaması daha çətindir və müasir texnologiyalarla - damcı üsulu ilə suvarma, torpaq rütubətinin qorunması təmin edilməlidir. Qeyri-qanuni tikintilər zamanı ağacların kəsilməsi yolverilməzdir və alternativ yollar mövcuddur. 30 illik ağacı kəsib yerinə birillik ağac əkmək çıxış yolu deyil. Xüsusi texnologiyalar vasitəsilə iri ağacları köçürmək mümkündür. Bu üsullar mövcuddur, lakin tətbiq edilmir”.

 

Ekoloq, həmçinin maarifləndirmənin vacibliyini vurğulayıb:

 

“Orta məktəblərdən başlayaraq uşaqlara aşılanmalıdır ki, ağac həyat mənbəyidir, oksigen deməkdir. İnsanlar yaşıl sahələrə öz evinin ən qiymətli əşyası kimi yanaşmalıdır. Bu məsələ yalnız qanunlarla deyil, düşüncə tərzinin dəyişməsi ilə həll oluna bilər. Azərbaycan coğrafi baxımdan yaşıllığın qorunmasına daha həssas yanaşma tələb edən ərazilərdən biridir. Biz rütubətli meşə zonasında yaşamırıq. Yarımquraq iqlim şəraitində bir ağacı böyütmək bəzən bir uşağı böyütməkdən də çətindir. Ona görə də, bu sahədə kompleks yanaşma, kollektiv məsuliyyət və uzunmüddətli strategiya olmalıdır. Əks halda həm şəhər mühiti, həm də insanların sağlamlığı ciddi risk altına düşəcək”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər