Bakıda Azərbaycan-Türkiyə birliyinə həsr olunan görüş keçirilib
Bakıda Azərbaycan-Türkiyə birliyinə həsr olunan görüş baş tutub. Görüşdə iki qardaş ölkə arasında siyasi, sosial və mədəni sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf istiqamətləri diqqət mərkəzində olub.
Məsələ ilə bağlı politoloq Həşim Səhrabli "İnformator.az"a açıqlamasında bildirib ki,Azərbaycan-Türkiyə münasibətlərini ümumiyyətlə, hansısa xüsusi bir sahə üzrə güclənir deyə xarakterizə etmək doğru olmaz:
“İqtisadi, siyasi, sosial, mədəni, hərbi və digər bütün sahələr üzrə Azərbaycan–Türkiyə münasibətləri hərtərəfli müttəfiqlik ruhuna uyğun şəkildə inkişaf etdirilir. Xüsusən, dünyada baş verən bu qlobal qarşı durmaları, bunun nəticəsində yaranan qeyri-müəyyənlik situasiyasında Azərbaycan-Türkiyə münasibətləri birinin digəri üçün ayrılmaz bir tərəfə çevrilməsini şərtləndirib. Bu da eyni milli kökdən gəlməyimiz və ortaq dəyərləri bölüşməyimizdən irəli gəlir.Nəticə olaraq da biz bugün bütün sahələrdə Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf etdiyini görürük”.
Ekspert həmçinin bunuda qeyd edib ki,bugünkü görüş siyasi-iqtisadi məsələlərdən daha çox sosial-mədəni məsələlərə həsr olunan bir görüş olub:
“Orada şəhid ailələri və digər insanlar yer alıblar. Burada müzakirə olunan mövzularda daha çox sosial-mədəni mövzular olub.Amma Azərbaycan-Türkiyə münasibətlərini və iki ölkə arasındakı görüşləri sadəcə bugün baş tutan görüşlə məhdudlaşdırmaq da doğru olmaz. Çünki vaxtaşırı müxtəlif sahələr üzrə görüşlər təşkil olunur və bu görüşlərdə mövzuya uyğun olaraq tərəflərin müttəfiqlik əlaqələrinin daha da genişləndirilməsinə xidmət edən müzakirələr aparılır. Dünyanın gələcəyini artıq süni intellekt və ümumilikdə texnologiya sahəsi müəyyən edir. Bu istiqamətdə Azərbaycan və Türkiyə arasında mövcud əməkdaşlıqların daha da təkmilləşdirilməsi üçün yeni razılaşmalar əldə edilə və birgə layihələr həyata keçirilə bilər. Eyni zamanda enerji, təhlükəsizlik və digər siyasi sahələrdə də dövrün tələblərinə və yeni yaranan reallıqlara uyğun fərqli layihələrin razılaşdırılması və icrası mümkündür”.
Aysun Xanatova
