Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Bakıda günün pik saatlarında bir sıra əsas prospekt və küçələrdə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunub. Sıxlığa əsasən nəqliyyat vasitələrinin çoxluğu və intensiv hərəkət axınına səbəb olub.
Mövzu ilə əlaqədar olaraq nəqliyyat eksperti Aslan Əsədov "İnformator.az" a açıqlamasında bildirib ki, bütün yollarda səmərəli hərəkət təmin edilməlidir:
"Şəhərdə tıxacların yaranmasının əsas səbəblərindən biri də nəqliyyat axınlarının müxtəlif istiqamətlər üzrə idarə olunmasında mövcud olan uyğunsuzluqlardır. Bu gün nəqliyyat vasitələrinin şəhərin istənilən nöqtəsinə sərbəst daxil ola bilməsi, amma eyni zamanda hərəkət imkanlarının məhdudluğu tıxacların yaranmasına səbəb olur.Tıxacların qarşısını almaq üçün nəqliyyat hərəkətliliyi bərabər şəkildə paylanmalıdır. Bu nə deməkdir? Yəni şəhərdə avtomobili idarə edən, metrodan istifadə edən və ya marşrut avtobuslarına minən insanlar əslində eyni şəxslərdir. Ona görə də planlaşdırma elə aparılmalıdır ki, həm avtomobil sürərkən, həm metrodan, həm də marşrutdan istifadə edərkən vaxt itkisinin qarşısı alınsın, səmərəli hərəkət təmin edilsin.
Bu sistemlər bir-biri ilə sıx qarşılıqlı əlaqədədir və biri digərindən ayrılmazdır. Əgər bu əlaqələr düzgün qurularsa, problemə köklü şəkildə son qoymaq olar. Əks halda, bu problemlər bizi daim izləyəcək, vətəndaşlarda narahatlıq yaradacaq və proses başqa formalarda davam edəcək.Əsas məsələ də məhz budur, nəqliyyat sistemində bütün sahələrin bir-biri ilə əlaqəli və səmərəli şəkildə işləməsini təmin etmək. Bu istiqamətdə işlər tədricən düzgün aparılarsa, problemin aradan qalxması da qaçılmaz olacaq".
Arzu Poladova
