00:00:00
Yazar
Zəri Bayramlı
20.05.2026 22:13 126 2 dəq oxuma
Siyasət

Bakıda TDT ölkələri arasında memorandum imzalanıb

Bakıda TDT ölkələri arasında memorandum imzalanıb

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında şəhər və ərazi planlaşdırılması, eləcə də davamlı inkişaf sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd TDT ölkələri arasında “ağıllı şəhər”, rəqəmsal urbanizasiya və dayanıqlı inkişaf istiqamətində birgə fəaliyyətin gücləndirilməsini nəzərdə tutur.

 

 

Mövzu ilə bağlı politoloq Tural İrfan  “İnformator.az”a açıqlamasında bildirir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində imzalanan bu memorandum ilk növbədə üzv ölkələr arasında institusional inteqrasiyanı gücləndirən addım kimi qiymətləndirilə bilər:

 

“Memorandumun digər vəzifələrindən biri şəhərsalma, rəqəmsal idarəetmə və dayanıqlı inkişaf sahəsində ortaq standartların formalaşdırılması ilə gələcəkdə iqtisadi əməkdaşlığı daha sistemli hala gətirməkdən ibarətdir. Xüsusilə, “ağıllı şəhər” texnologiyalarının paylaşılması, nəqliyyat-logistika bağlantılarının koordinasiyası və rəqəmsal infrastrukturun uyğunlaşdırılması türk dövlətləri arasında həm investisiya axınını, həm də siyasi koordinasiyanı artıracaq. Bu proses TDT-ni yalnız mədəni platforma deyil, eyni zamanda regional iqtisadi-siyasi güc mərkəzinə çevirmək potensialına malikdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri post-münaqişə dövründə modern bərpa modelinin nümunəsi kimi diqqət çəkir”.

 

Siyasi şərhçinin sözlərinə görə, bu təcrübə TDT məkanında tətbiq olunarsa, Azərbaycan regionda texnoloji və urbanizasiya sahəsində lider ölkə statusunu daha da möhkəmləndirə bilər:

 

“Təcrübənin tətbiqi Bakının geosiyasi nüfuzunu artırmaqla yanaşı, türk dövlətləri arasında innovasiya diplomatiyasının əsas mərkəzlərindən birinə çevrilməsinə şərait yaradar. Eyni zamanda, Qarabağ modeli Azərbaycanın beynəlxalq arenada “yaşıl inkişaf” və rəqəmsal transformasiya konsepsiyalarını uğurla tətbiq edən dövlət kimi təqdim olunmasına imkan verir. TDT ilə UN-Habitat arasında hazırlanacaq yeni əməkdaşlıq planı türk dövlətlərinin qlobal urbanizasiya və davamlı inkişaf siyasətində daha aktiv iştirakını təmin edə bilər. Bu əməkdaşlıq nəticəsində türk dövlətləri BMT platformalarında ortaq şəhərsalma strategiyaları ilə çıxış edə, iqlim dəyişiklikləri, urbanizasiya və sosial infrastruktur məsələlərində vahid mövqe formalaşdıra bilərlər. Memorandum TDT-nin beynəlxalq təşkilatlarla münasibətlərində nüfuzunu artıracaq və təşkilatı regional çərçivədən çıxararaq daha qlobal aktora çevirəcək. Bundan əlavə, UN-Habitat ilə əməkdaşlıq türk dövlətlərinə beynəlxalq maliyyə və texnoloji resurslara çıxış imkanlarını da genişləndirə bilər" , - deyə siyasi şərhçi fikirlərini yekunlaşdırıb.

 

Ədilə Hüseynzadə

#trend #memorandum #bakı #WUF13
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər