00:00:00
Yazar
Admin User
24.11.2025 18:22 91 3 dəq oxuma
Sosial

Bakıdakı partlayışda 7 nəfər xilas edilib

Bakıdakı partlayışda 7 nəfər xilas edilib

Bakı şəhərinin Nərimanov rayonunda, Ə.Rəcəbli küçəsində yerləşən beşmərtəbəli ofis binasında partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal əraziyə cəlb olunub və aparılan operativ əməliyyat nəticəsində 7 nəfər xilas edilib. İlkin məlumata görə, partlayış binanın birinci mərtəbəsində baş verib, dağıntılar isə beşinci mərtəbəyə qədər yüksəlib. Hadisə ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır.

 

Məsələ ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev “İnformator.az”a açıqlamasında bildirib ki, təhlükəsizlik cəmiyyətin birgə formalaşdırdığı mədəniyyətdir:

 

“Binalarda təhlükəsizlik tədbirləri çoxmərtəbəli yaşayış mühitinin ən vacib komponentlərindən biridir. Təhlükəsizlik yalnız avadanlıqlar demək deyil. O, insanların düzgün davranışı, texniki sistemlərin fasiləsiz işləməsi və ümumi nəzarət mexanizmləri ilə formalaşan bir prosesdir.

Binanın mühəndis kommunikasiya xətləri, elektrik sistemi, qaz xətləri və havalandırma qurğuları mütəmadi olaraq yoxlanılmalıdır. Yanğın siqnalizasiya sistemləri daim işlək vəziyyətdə saxlanılmalı, təxliyə planları isə hər bir binada mövcud olmalıdır.

Yanğının qarşısının alınması üçün tədbirlər yalnız hadisə baş verəndən sonra görülməməlidir. Əvvəlcədən profilaktik addımlar atılmalı, insanların həyatına və sağlamlığına zərər dəyməməsi üçün kompleks yanaşma tətbiq edilməlidir.

Yanğın baş verdikdə ilk növbədə panikadan uzaq olmaq lazımdır. Tüstü olan zonalarda yerə yaxın hərəkət etmək vacibdir, çünki tüstü daha çox yuxarıya doğru toplanır. Bu səbəbdən oturaraq və ya uzanaraq irəliləmək tüstüdən zəhərlənmə riskini azaldır. Mümkün qədər tez təhlükəsiz əraziyə çıxmaq lazımdır. Əgər çıxışlar bağlıdırsa və təxliyə mümkün deyilsə, sakinlər qapı boşluqlarını nəm parça ilə bağlamalı, tüstünün qarşısını kəsməli və balkona çıxaraq yardım gözləməlidirlər.

Tüstü yanğın zamanı ölümün əsas səbəblərindən biri hesab olunur. Buna görə də yanğın zamanı ən əsas məsələlərdən biri tüstüdən qorunmaqdır.

Binanın birinci mərtəbəsində restoran və digər obyektlərin yerləşməsi əlavə risk yarada bilər. Çünki bu cür sahələrdə istilik mənbələri çox olur. Məlum qaydalara əsasən, ölkədə yaşayış binalarının qeyri-yaşayış sahələrinə təbii qaz verilməsi qadağandır. Bununla yanaşı, hər hansı qazla işləyən cihazların həmin sahələrdə istifadəsi də təhlükəli olduğu üçün qadağan edilib. Yalnız elektrik qızdırıcılarından istifadə icazəlidir.

Bu obyektlərin üst mərtəbəsində yaşayış olduğu üçün təhlükə təkcə biznes sahəsinə deyil, sakinlərin həyat və sağlamlığına da təsir göstərir. Yaşayış binalarının qeyri-yaşayış sahələrində bu cür obyektlərin fəaliyyəti zamanı normativ tələblərə ciddi riayət olunmalıdır.

Yanğın törədə biləcək bütün amillər öncədən nəzərdən keçirilməli, aradan qaldırılmalıdır. Binada yanğın siqnalizasiya sistemləri, ilkin yanğınsöndürmə vasitələri təmin olunmalı, restoranla yaşayış sahəsi arasında izolasiya sistemi qurulmalıdır ki, tüstü və qoxu mənzillərə keçməsin.

Əsas məqam ondan ibarətdir ki, təhlükəsizlik yalnız texniki proseslərdən ibarət deyil. Burada obyekt sahibinin məsuliyyəti, sakinlərin diqqəti və ümumi maarifləndirmə mühüm rol oynayır. Hər birimiz xırda detallara diqqət etməliyik: qaz cihazlarını nəzarətsiz qoymamaq, elektrik avadanlıqlarından düzgün istifadə etmək bu kimi faciələrin qarşısını almağın ən doğru yollarındandır. Təhlükəsizlik bizim hamımızın birlikdə yaratdığı bir mədəniyyətdir”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər