Bakıdan Tehrana humanitar jest
Azərbaycandan İrana göndərilən növbəti humanitar yardım Astara dövlət sərhəd-buraxılış məntəqəsi vasitəsilə qarşı tərəfə çatdırılıb. 10 yük avtomobilindən ibarət yardım karvanı Azərbaycan-İran sərhədini keçərək təyinat nöqtəsinə doğru yola salınıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən siyasi şərhçi Aydın Quliyev bildirib ki, Azərbaycanın İrana humanitar dəstəyi mehriban qonşuluq prinsiplərinə sadiqliyin bariz nümunəsidir:
"Təəssüf ki, müasir dünyada heç də bütün qonşu dövlətlər bu cür davranmır. Azərbaycanın İrana humanitar yardım göstərməsi ikiqat fədakarlıqdır. Bir tərəfdən, əksər ölkələrin beynəlxalq hüququ və humanitar prinsipləri gözardı etdiyi bir vaxtda, Azərbaycan bu öhdəliklərə yüksək səviyyədə əməl edir. Digər tərəfdən isə ölkəmiz beynəlxalq münasibətlərin fundamental prinsipi olan qonşularla yaxşı münasibətlər qurmaq xəttinə sadiq qalır".
Aydın Quliyev qeyd edib ki, İran rəhbərliyi Azərbaycanın bu addımından lazımi mesajı almalıdır:
"Yaxın keçmişdə İran Azərbaycana qarşı hər zaman yaxşı qonşu kimi davranmırdı, hətta ölkəmizə təcavüz etmiş tərəfin siyasətinə dəstək verirdi. Lakin bu gün Azərbaycan bütün bunları kənara qoyaraq, humanitar prinsiplərdən çıxış edir və ehtiyac duyulan zəruri yardımı göstərir. Bununla rəsmi Bakı dünyaya mesaj verir ki, beynəlxalq humanitar proseslərdə iştirak dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.
Azərbaycan bu humanist xətti indiyə qədər bir neçə istiqamətdə nümayiş etdirib; Ukraynaya, Suriyaya və digər fəlakət bölgələrinə yardımlar edilib. Hesab edirəm ki, bu addım Azərbaycan-İran münasibətlərinin növbəti mərhələsinə müsbət təsir göstərəcək".
Reyhan Quliyeva