"BakıKart" terminallarında xırda pul çatışmazlığı və balans artırma zamanı gecikmələr
Bakı metrosunda sərnişinlərin tez-tez rastlaşdığı problemlərdən biri də “BakıKart” terminallarında xırda pul çatışmazlığı və balans artırma zamanı gecikmələrdir. Xüsusilə səhər saatlarında bəzi stansiyalarda terminalların ya işləməməsi, ya da sikkə qəbul etməməsi sərnişinlərin növbələrdə vaxt itirməsinə səbəb olur. Çox vaxt bir terminalın işdən dayanması digər terminallarda uzun növbə yaradır. Bu isə platformaya düşmə vaxtını gecikdirir və pik saatlarda sıxlığı daha da artırır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında müştəri xidmətləri üzrə baş mütəxəssis Əhmədova Mehriban bildirib ki, bəzi hallarda xırda pulların qəbulunda texniki nasazlıqlar müşahidə oluna bilər:
"Bu hal bəzən qəpik pulların istifadə zamanı aşınması və tanınmaz vəziyyətə düşməsi ilə də əlaqədardır. Belə problemlərin minimuma endirilməsi məqsədilə cihazlara mütəmadi texniki baxış keçirilir və təkmilləşdirmə işləri aparılır. Xırda puldan asılılığı azaltmaq və sərnişinlərə daha rahat ödəniş imkanları təqdim etmək məqsədilə:
BakıKart, Birbank və M10 mobil tətbiqləri üzərindən onlayn balans artırma imkanları genişləndirilir. QR bilet sistemi artıq mövcuddur və bu, terminallardan asılılığı əhəmiyyətli dərəcədə azaldır. NFC və bank kartı ilə birbaşa ödəniş bütün metrostansiyalarda tətbiq olunub.
BakıKart olaraq məqsədimiz sərnişinlər üçün daha stabil, sürətli və rahat ödəniş ekosistemi yaratmaqdır. Xırda pul və sikkə problemi texniki xarakter daşıyır və bu məsələnin tam həlli üçün avadanlıq, proqram təminatı və xidmət səviyyəsində ardıcıl addımlar atırıq".
Mövzu ilə bağlı metrodan istifadə edən Qədirova Lalə bildirib ki, bəli, mən metrodan istifadə edəndə bu problemi tez-tez hiss edirəm:
"Xüsusilə səhər və axşam pik saatlarda, stansiyalarda çoxlu sərnişin olanda, terminalların bəzən işləmədiyini və ya xırda pulları qəbul etmədiyini görürəm. Bu zaman uzun növbələr yaranır və getdiyimiz yerə ləngiyirik. Bəzən balans artırmaq istəyəndə mobil tətbiqlərdən istifadə etsəm də, bəzi sərnişinlər üçün bu üsul əlçatan olmur və onlar məcbur qalıb terminallara üz tutur. Həqiqətən də, bu problem həm vaxt itkisinə səbəb olur, həm də pik saatlarda platformalarda sıxlığı artırır. Məncə BakıKart sisteminin və terminalların texniki baxışı daha tez-tez aparılmalı, həmçinin ödəniş imkanları daha rahatlaşdırılmalıdır ki, sərnişinlər daha az çətinlik yaşasınlar".
Aişə Mustafayeva
