BakıKartdan ödəniş xidməti istifadəçilərinə açıqlama
BakıKart NFC ödəniş sistemi ilə bağlı istifadəçilərin suallarına aydınlıq gətirən rəsmi açıqlama yayıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında müştəri xidmətləri üzrə baş mütəxəssis Mehriban Əhmədova bildirib ki, metro və avtobusdan istifadə etmədiyi halda kart balansından gediş haqqının çıxılması hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir:
“BakıKart tərəfindən tətbiq edilən ödəniş sistemi həm “bir dəfəlik keçid imkanı”, həm də “Delayed Authorization” (Gecikdirilmiş avtorizasiya) prinsiplərini əhatə edir. “Bir dəfəlik keçid” funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyi hallarda belə sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər; balans bərpa olunduqda ödəniş avtomatik tutulur. Əlavə olaraq qeyd edək ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, 1 saniyənin altında aparılmasını təmin edir. Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının texniki səbəblərdən sonradan rəsmiləşdirilməsinə imkan verir.
Qeyd edirik ki, bu mexanizmlər hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir. Məqsəd sərnişinlərin rahatlığını təmin etmək və ödəniş prosesinin fasiləsizliyini qorumaqdır.
Ödənişlərlə bağlı sual yarandığı halda vətəndaşlar bank kartının emitenti ilə yanaşı, BakıKart-a rəsmi şəkildə müraciət edərək əməliyyatlar barədə ətraflı məlumat əldə edə bilərlər.
Əlaqə vasitələri:
Qısa nömrə :*4343
Şəhər nömrəsi :+994 12 404 14 21”.
Aişə Mustafayeva
