Bakıya təhsil üçün gələn gənclərin qarşılaşdığı çətinliklər
Təhsil məqsədilə rayonlardan Bakıya gələn gənclərin sayı hər il artır. Lakin paytaxtda tələbələri ilk olaraq yüksək kirayə qiymətləri, yaşayış xərcləri, və şəhər mühitinə uyğunlaşma problemi qarşılayır. Ailədən uzaqda yeni həyat qurmağa çalışan gənclər üçün həm maddi, həm də psixoloji yük böyüyür.
Mövzu ilə bağlı “İnformator.az”a danışan tələbə Gülnar Mustafayeva Saatlıdan gəldiyini və uyğunlaşma prosesinin onun üçün işin ən asan tərəfi olduğunu bildirib:
"Çünki Bakıya kiçik yaşlarımdan bəri bələdəm. Bakı mənim üçün ikinci ev kimidir. Bu səbəbdən yeni mühitə uyğunlaşmaqda heç bir çətinlik yaşamadım. Metropolitendə, universitetdə, hətta küçələrdə yaşanan sıxlıq demək olar ki, hər kəsin şikayətidir. Bu məsələ ilə bağlı tədbir görülsə, gündəlik həyat xeyli rahatlaşar. Bir də əlbəttə ki, ailəm üçün darıxıram. Ən böyük fərq isə həyat ritmidir. Rayonda hər şey daha sakit olur. Bakıda isə insanlar daha tələsik, şəhər daha hərəkətlidir. Hər şeyə rəğmən qəlbinizin səsini dinləyin. Yad mühitə uyğunlaşmaq müvəqqətidir və burada insanlar kifayət qədər istiqanlıdır, ona görə bu məsələni özünüzə dərd etməyin. Dərslərinizi yaxşı oxuyun, fürsətləri dəyərləndirin və əlinizdən gələni əsirgəməyin. Uğurlar”.
"İnformator.az"a danışa növbəti tələbə Şamaxı rayonundan gələn Gülay Səlifovadır. O deyir ki, Bakıya köçdükdə yeni mühitə uyğunlaşmaq onun üçün də çətin olmayıb:
"Mühitə tez adaptasiya oldum, Bakıda yeni dostlar tapdım. Gündəlik həyatda ciddi çətinlik yaşamıram, çünki qaldığım ev universitetə yaxındır. Fikrimcə, bir çox tələbənin qarşılaşdığı əsas problemlər ev ilə universitet arasındakı məsafə və ictimai nəqliyyatda sıxlıqdır. Mənim üçün isə ən böyük çətinlik ailəmdən uzaq qalmaqdır. Rayon həyatı ilə Bakının ritmi arasında fərq var. Rayon daha sakitdir, insanlar bir-birinə daha doğmadır. Bakı isə daha dinamikdir, insanlar tez-tez tələsir və şəhər səs-küylüdür. Buna baxmayaraq, paytaxt tələbələr üçün çoxlu imkanlar yaradır: kitabxanalar, tədbirlər, seminarlar və kurslar inkişaf üçün geniş mühit təmin edir. Gələcəkdə Bakıya təhsil üçün gələn gənclərə demək istədiyim odur ki, məqsədlərində qəti olsunlar, fürsətləri dəyərləndirsinlər və yeni mühitdə özlərinə uyğun çevrə qursunlar. Burada imkanlar genişdir və məqsədi olan hər kəs uğur qazana bilər”.
Sayta danışan sonuncu tələbə isə Şirvandan Bakıya gələn Selcan Soltanovadır. O deyir ki, onun üçün yeni şəhər, yeni həyat çox maraqlı olub və uyğunlaşma prosesi asan olub:
"Əslində daha çox əvvəl tanıdığım insanlarla ünsiyyətdə oluram, lakin Bakıda da tanıdığım və ünsiyyətdə olduğum insanlar var. Gündəlik həyatda üzləşdiyim çətinlik yoxdur, çünki burada qaldığım ev universitetimə yaxındır. Nəqliyyat problemi yaşamıram deyə çox yorulmuram. Mənim yaşadığım Şirvan şəhəri daha səssiz idi sanki,ancaq paytaxt Bakı daha böyük, səs-küylüdür. Fikrimcə, səssizlik daha gözəldir. Ancaq burada özünü inkişaf etdirmək istəyən gənclərə hər zaman yol açıqdır. Tələbə təşkilatları, klublar, gənclərlə işləyən qurumlar və s".
Ədilə Hüseynzadə
