Balkanlardan Cənubi Qafqaza yeni körpü: Azərbaycan-Serbiya əməkdaşlığının yeni dövrü
“Biz təkcə siyasi istiqamətdə, beynəlxalq arenada sıx işləmirik, eyni zamanda, iqtisadiyyatlarımız, sənayelərimiz üçün vacib layihələr icra edirik”,- bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında deyib.
Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın Serbiyaya yatırdığı investisiyalar və həyata keçirdiyi layihələr beynəlxalq mövqeyimizi daha da gücləndirir:
“Azərbaycan ilə Serbiya arasında dostluq münasibətləri son illərdə daha da möhkəmlənib və tərəflər artıq strateji tərəfdaş səviyyəsində əməkdaşlıq edirlər. Bu strateji tərəfdaşlıqla bağlı iclasın keçirilməsi təsadüfi deyil. Görüş çərçivəsində iqtisadiyyat, mədəniyyət, energetika və digər sahələri əhatə edən bir sıra memorandumlar imzalanıb, müxtəlif istiqamətlər üzrə birgə layihələrin icrası ilə bağlı razılaşmalar əldə olunub. Xüsusilə, Azərbaycan qazı ilə işləyən elektrik stansiyasının qurulmasına dair razılaşma iki ölkə arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bütün bunlar Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın Balkanların mühüm ölkəsi Serbiya ilə əlaqələrinin inkişaf etdiyini göstərir. Eyni zamanda həm Avropanın cənubu, həm də Cənubi Qafqaz regionu yeni əməkdaşlıq və inkişaf mərhələsinə daxil olur. Azərbaycanın Serbiyaya yatırdığı investisiyalar, həyata keçirdiyi layihələr və energetika sektorunda iştirakı rəsmi Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir. Bu əməkdaşlıq beynəlxalq platformalarda qarşılıqlı dəstəyi də şərtləndirir və Azərbaycanın Avropa məkanında mövqelərinin möhkəmlənməsinə səbəb olur”.
Siyasi şərhçinin sözlərinə görə, Gürcüstanın siyasi çətinlikləri fonunda Azərbaycan regionda önə çıxır:
“İqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı əldə olunan razılaşmalar göstərir ki, bu tərəfdaşlıq Azərbaycanın uzunmüddətli iqtisadi maraqlarına cavab verir və ölkənin dayanıqlı inkişafına xidmət edir. Serbiya ilə münasibətlərin genişlənməsi Avro-Atlantik məkanda Azərbaycanın tərəfdaşlarının artması, eyni zamanda, Cənubi Qafqazda geosiyasi mövqeyinin daha da güclənməsi deməkdir. Son zamanlar Gürcüstan ciddi siyasi qapanma ilə üzləşib. Aİ və ABŞ Gürcüstanla əməkdaşlığı zəiflədir, baxmayaraq ki, Gürcüstan əvvəllər Avropada daha populyar idi. İndi isə bu baxımdan Azərbaycan önə çıxır. Bu strateji tərəfdaşlıq iclası indiyədək mövcud olan münasibətlərin, xüsusilə, iqtisadi əlaqələrin daha da dərinləşməsinə və intensiv xarakter almasına gətirib çıxaracaq. Ümumilikdə, bu əməkdaşlıq hər iki tərəfin xeyrinə olan strateji tərəfdaşlıq modelidir”.
Zəri Bayramlı
