Bank kartlarının istifadəsində harada səhvə yol verərək dələduzların qurbanı oluruq?
İlin əvvəlindən bu günə qədər kart fırıldaqçılığı ilə bağlı rəqəmlər ciddi narahatlıq doğurur. Mərkəzi Bankın açıqladığı statistikaya görə, 2026-cı ilin birinci rübündə ödəniş kartları ilə bağlı ölkədaxili fırıldaqçılıq hallarının həcmi 1 milyon 350 min 492 manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İT üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, bu tip dələduzluqlarda əsas problem çox vaxt texniki sistemlərin zəifliyi yox, insan faktoru olur:
“Yəni kiberdələduzlar sistemi sındırmaqdansa, istifadəçini aldatmağa çalışırlar. Son dövrlərdə kart fırıldaqçılığının sürətlə artmasının əsas səbəbi də məhz budur. Ən çox istifadə olunan üsullar isə fişinq linklər, saxta bank mesajları: “Bağlamanız gəlib”, “Kartınız bloklanacaq” kimi SMS-lər və özünü bank əməkdaşı kimi təqdim edən zənglərdir. İnsan linkə daxil olur kart məlumatını və ya SMS təsdiq kodunu paylaşır sonra isə dələduz artıq hesaba çıxış əldə edir. Bəzi hallarda isə telefona zərərli tətbiq yüklədilir və məlumatlar gizli şəkildə ələ keçirilir. İnsanların ən böyük səhvi odur ki, onlar kartın üzərindəki məlumatları və ya sms kodu adi məlumat kimi qəbul edir. Halbuki həmin kod artıq bir növ rəqəmsal imzadır. İnsanlar onu paylaşdığı anda əməliyyata faktiki olaraq özləri icazə vermiş olurlar. İki mərhələli doğrulama burada çox vacib qoruma qatıdır və riskləri ciddi şəkildə azaldır. Çünki yalnız kart məlumatı kifayət etmir, əlavə təsdiq də tələb olunur. Amma burda da diqqətli olmaq lazımdır. Əgər istifadəçi həmin SMS kodunu özü dələduza verirsə, artıq ən güclü təhlükəsizlik sistemi belə onu qoruya bilmir. Yəni texnologiya kömək edir, amma son qərarı yenə insan verir. Günümüzdə böyük bir kütlənin istifadə etdiyi onlayn ödənişlərdə də təhlükəsizlik üçün bir çox texnologiyalar tətbiq olunur. Hətta bank sistemləri də artıq şübhəli əməliyyatları avtomatik aşkarlamağa çalışır. Nümunə kimi, əgər istifadəçi hər zaman Azərbaycandan əməliyyat edir, amma birdən başqa ölkədən giriş olursa, sistem bunu risk kimi görə bilir və kartın istifadəsini bloklayır”.
Səadət Əlizadə