00:00:00
Yazar
Səadət Əlizadə
30.10.2026 20:52 26 2 dəq oxuma
Siyasət

Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb

Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb

 Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının (Nazaha) prezidenti Mazin bin İbrahim əl-Kahmusun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşündə iştirak edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi və Bakıda baş tutan yüksəksəviyyəli görüşlər iki ölkə arasındakı əlaqələrə və Azərbaycanın İslam dünyasındakı mövqeyinə müsbət mənada təsir göstərir:

 

 

"Hüquq-mühafizə və antikorrupsiya orqanları arasında təcrübə mübadiləsi, məlumat ötürülməsi və peşəkar hazırlıq sahəsində əməkdaşlıq iki dövlət arasında institusional və siyasi etimadı gücləndirir. Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının prezidenti Mazin bin İbrahim əl-Kahmusun Baş prokuror Kamran Əliyev tərəfindən "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı ilə təltif olunması siyasi dialoqun yüksək səviyyədə olduğunu bir daha göstərir. Eyni zamanda korrupsiyaya qarşı birgə mübarizə mexanizmləri hər iki ölkədə investisiya mühitinin şəffaflığını artırır, bu da gələcəkdə iqtisadi və ticarət əlaqələrinin genişlənməsi üçün zəmin yaradır".

 

Əlavə olaraq politoloq bildirib ki, Bakının İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşünə ev sahibliyi etməsi Azərbaycanın İslam dünyasında hüquqi islahatlar və qlobal təşəbbüslər üzrə fəal tərəfdaş kimi nüfuzunu artırır:

 

"Azərbaycanın bu cür beynəlxalq tədbirləri mütəmadi təşkil etməsi onun islam dövlətləri ilə ikitərəfli münasibətlərdən əlavə, kollektiv təhlükəsizlik, şəffaflıq və idarəetmə kimi qlobal gündəmdəki mövzularda koordinasiya mərkəzlərindən birinə çevrilməsinə imkan yaradır. Ümumiyyətlə bu cür səfərlərin və görüşlərin baş tutması Səudiyyə Ərəbistanı ilə Azərbaycan Respublikası arasındakı sıx əməkdaşlığın bariz nümunəsidir".

 

Səadət Əlizadə

#rəhbəri #ərəbistanının #mübarizə #yeni #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər