Trampın rekord neft sazişi gerçəkliklə üz-üzə: NABEP-in Venesuela macərası çətinliklərlə sınağa çəkilir
ABŞ Prezidenti Donald Trampın tarixin ən böyük neft sazişi kimi dəyərləndirdiyi və tərkibində təxminən 64 milyard barrel ehtiyatı olan 17 Venesuela neft yatağının tək bir şirkətə verilməsi qlobal energetika bazarında geniş əks-səda doğurub. Bu nəhəng müqaviləni həyata keçirmək məsuliyyəti isə venesuelalı iş adamı Alejandro Betankurun rəhbərlik etdiyi, əvvəllər az tanınan "North American Blue Energy Partners" (NABEP) şirkətinin üzərinə düşür. Vaşinqtonla əldə olunan razılaşmaya əsasən, ABŞ sözügedən şirkətin baş strukturunda 35% paya, həmçinin hasilat dəyəri ilə 20% miqdarında neft almaq hüququna yiyələnib.
NABEP oktyabr ayının ortalarındakı gündəlik təxminən 224.000 barrelik neft hasilatını dörd dəfə artıraraq 1 milyon bareldən çoxuna çatdırmağı qarşısına məqsəd qoyub. Lakin "Reuters" tərəfindən 15 neft işçisi, podratçı, maliyyəçi və sənaye mütəxəssisi ilə aparılan müsahibələr bu hədəfə çatmağın Tramp və NABEP-in təqdim etdiyindən qat-qat çətin olacağını üzə çıxarır.
Şirkətin idarə etdiyi yeni sahələrin altısı yollardan və neft infrastrukturundan tamamilə uzaq, toxunulmaz ərazilərdə yerləşir. Mütəxəssislər qeyd edirlər ki, köhnəlmiş və zədələnmiş qurğuların təmiri, eləcə də onilliklər boyu təlim keçmiş kadrların ölkəni tərk etməsi işləri xeyli ləngidir. Enerji layihələrinin maliyyələşdirilməsi və borcların restrukturizasiyası üzrə mütəxəssislər NABEP-in güclü tərəfdaşlara və nəhəng maliyyə dəstəyinə ehtiyac duyacağını bildirirlər. Üstəlik, ABŞ və Avropa tərəfindən Betankurun keçmiş fəaliyyəti ilə bağlı aparılan araşdırmalar fonunda şirkətin bank hesabları açmaqda çətinlik çəkdiyi qeyd olunur.
Venesuelanın keçmiş enerji naziri Humberto Kalederon Berti sentyabr ayındakı konfransda şirkətin texniki təcrübəsinin və qısa təcrübə tarixçəsinin az olması səbəbindən bu müqavilənin uzunömürlü olmayacağına əminliyini ifadə edir.Ağ Ev sözçüsü Taylor Rogers hasilatın artdığını və bu sazişin amerikalıların mənafeyinə xidmət edərək dərhal nəticələr verdiyini vurğulayıb. Venesuelanın Bununla belə, müxalifət lideri Maria Corina Machado sazişin şəffaflıqdan uzaq olduğunu bildirərək, "Əlbəttə ki, investisiya istəyirik, məsələ bunun necə və kiminlə edilməsindədir" deyə qeyd edib.
NABEP rəhbərliyi isə 2024-cü ildən etibarən öz kapitalından 1 milyard dollar sərmayə qoyduğunu, hədəflərə çatmaq üçün hər il təkrar investisiyaları 50%-ə qədər artıracağını və hazırda 60 qazma qurğusu ilə 70 ədəd ağır texnikanın mərhələli şəkildə çatdırılmasını təmin etdiyini bildirir.
Ayşə Cəfərova