00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
30.10.2026 21:21 34 2 dəq oxuma
Siyasət

"Zaxarova: Ermənistanın Avrasiya İqtisadi İttifaqının hesabatına reaksiyası tələsik və aqressivdir"

"Zaxarova: Ermənistanın Avrasiya İqtisadi İttifaqının hesabatına reaksiyası tələsik və aqressivdir"

 

Rusiya ilə Ermənistan arasında Avrasiya İqtisadi İttifaqının hesabatı ilə bağlı fikir ayrılığı yaranıb. Mariya Zaxarova Ermənistanın hesabatla bağlı reaksiyasını tələsik və aqressiv adlandırıb. Məsələ iki ölkə arasında iqtisadi və siyasi münasibətlərin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a politoloq Elşad Mirbəşiroğlu bildirir ki, Paşinyan hökuməti Avropa İttifaqına yaxınlaşmaq istəyir və bu istiqamətdə parlamentdə müvafiq sənəd qəbul olunub:"Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Paşinyanın Avrasiya İqtisadi İttifaqının hesabatı ilə bağlı reaksiyasını tələsik və aqressiv adlandırıb.


Xatırladım ki, oktyabrın 20-də Paşinyan bu hesabatı Ermənistanda qarışıqlıq yaratmaq cəhdi və ölkənin müstəqilliyinə təhdid kimi qiymətləndirib. O, hesabatın Ermənistanın siyasi seçimlərinə təzyiq göstərmək məqsədi daşıdığını bildirib, Rusiyanı metropoliya ilə müqayisə edib. Zaxarova isə bu fikirləri əsassız sayaraq Ermənistanın reaksiyasını tələsik və aqressiv adlandırıb.


Eyni zamanda, belə bir sual yaranır: Ermənistan həm Avrasiya İqtisadi İttifaqının, həm də Avropa İttifaqının üzvü ola bilərmi?

 

Rusiya rəsmiləri bunun mümkün olmadığını düşünürlər.Avropa İttifaqının öz qaydaları və tələbləri var. Bu qaydalar Avrasiya İqtisadi İttifaqının qaydaları ilə tam uyğun gəlmir. Buna görə də Ermənistanın hər iki təşkilatda eyni vaxtda üzv olması ciddi çətinliklər yarada bilər".


Siyasi şərhçi qeyd edir ki, Rusiya Ermənistanın əsas investorlarından və ermənilər üçün mühüm iş bazarlarından biri olduğuna görə, İttifaqdan çıxmaq həm əmək miqrantlarına, həm də Ermənistan iqtisadiyyatına mənfi təsir göstərə bilər:

 

"Ermənistan istehsalçıları artıq Avrasiya İqtisadi İttifaqının bazarına və qaydalarına uyğun məhsullar istehsal edirlər. Bu sistem artıq formalaşıb. Məhsulların Avropa İttifaqının tələblərinə uyğunlaşdırılması isə çoxlu pul və vaxt tələb edə bilər. Digər tərəfdən, Avropa İttifaqının öz istehsalçıları da Ermənistan məhsullarının Avropa bazarına daxil olmasına müsbət yanaşmaya bilərlər. Çünki Avropa İttifaqında da iqtisadi çətinliklər və bazarda durğunluq var. Ermənistan məhsullarının bu bazara daxil olması rəqabəti artıra bilər. Bu isə yerli istehsalçılara mənfi təsir göstərə bilər".


Siyasi şərhçi bildirir ki, Avrasiya İqtisadi İttifaqı hazırda Ermənistana ciddi iqtisadi üstünlüklər verir və Avropa İttifaqı bu üstünlükləri tam əvəz edə bilmir. Ermənistanın Avropa İttifaqına yaxınlaşması Rusiya ilə münasibətlərdə gərginlik yaradır və İttifaqdakı fəaliyyətinin dayandırılması ölkə iqtisadiyyatına mənfi təsir göstərə bilər.


Ayan Məmmədzadə

#reaksiyası #avrasiya #gündəm #azərbaycan #aqressivdir"
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər