00:00:00
Yazar
Zəri Bayramlı
16.07.2026 21:09 35 2 dəq oxuma
Siyasət

Baş Qərvənddən başlayan yeni əməkdaşlıq körpüsü-ŞƏRH

Baş Qərvənddən başlayan yeni əməkdaşlıq körpüsü-ŞƏRH

Bakı və Bratislava arasında getdikcə güclənən ikitərəfli əlaqələr Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana reallaşan rəsmi səfəri ilə yeni bir müstəviyə qədəm qoyub. Rəsmi danışıqların diqqət mərkəzində ticarət dövriyyəsinin artırılması və enerji təhlükəsizliyi ilə yanaşı, slovakiyalı tərəfdaşların Qarabağın bərpa-quruculuq işlərinə cəlb edilməsi kimi mühüm məsələlər dayanıb.

 

 

Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında Azərbaycan və Slovakiya arasındakı əlaqələrin qarşılıqlı faydalı tərəfdaşlıq əsasında dinamik şəkildə inkişaf etdiyini bildirib:

 

 

“Azərbaycan və Slovakiya arasında əlaqələr qarşılıqlı faydalı tərəfdaşlıq əsasında inkişaf edir. İşğaldan azad olunan ərazilərin bərpasında Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan kimi qardaş ölkələrlə yanaşı, artıq bir Avropa ölkəsi olan Slovakiya da yaxından iştirak edir.  Ölkəmizə reallaşan son rəsmi səfər çərçivəsində Baş Qərvənddə Azərbaycan və Slovakiya prezidentləri məktəbin təməlini qoyublar. Bu təhsil müəssisəsi Slovakiyanın tanınan şəxsiyyətlərindən birinin adını daşıyaraq iki ölkə arasındakı dostluğun və humanitar əməkdaşlığın rəmzi olacaq. Bütün bu proseslər Azərbaycan üçün həm də böyük mənəvi əhəmiyyət kəsb edir".

 

 

Azərbaycan-Slovakiya münasibətlərinin gələcək perspektivlərinə toxunan Taleh Əliyev bildirib ki, tərəflər arasında imzalanan mühüm sənədlər əməkdaşlığı daha praktik məzmuna qaldırır:

 

 

“Vaxtilə Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll olunacağı təqdirdə, regiona böyük beynəlxalq güclərin, xüsusilə də Qərb institutlarının ciddi maliyyə dəstəyi göstərəcəyi ilə bağlı çoxsaylı vədlər verilib.Lakin Azərbaycan öz torpaqlarını beynəlxalq hüquq normaları çərçivəsində, öz gücü ilə işğaldan azad etdikdən sonra Qərbin vəd etdiyi irimiqyaslı dəstəyin şahidi olmayıb. Əksinə, bu gün Fransa başda olmaqla, bəzi Qərb dövlətləri Azərbaycana qarşı qərəzli yanaşma nümayiş etdirir, ikili standartlar siyasətini davam etdirirlər. Belə bir mürəkkəb geosiyasi şəraitdə Slovakiyanın Qarabağın bərpasında fəal iştirakı ölkəmiz üçün xüsusi mənəvi və siyasi əhəmiyyət kəsb edir. Slovakiya ilə Azərbaycan münasibətlərinin dərinləşməsi hər iki ölkə liderinin mütəmadi görüşləri və bu çərçivədə imzalanan mühüm sənədlərlə daha da praktik məzmun kəsb edir, yeni inkişaf mərhələsinə yüksəlir. Slovakiya Prezidentinin Azərbaycana son səfəri də bu qarşılıqlı etimada əsaslanan uğurlu əməkdaşlığın ən bariz nümunəsidir”.

 

Zəri Bayramlı

#gündəm #qərvənddən #baki #baş #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər