Bayramov və Əraqçi regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edib
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub. Tərəflər regiondakı təhlükəsizlik vəziyyəti və atəşkəs məsələsini müzakirə ediblər. Ceyhun Bayramov atəşkəsi müsbət qiymətləndirərək onun gərginliyin azaldılması və sabitliyin təmin olunması üçün vacib olduğunu bildirib. Danışıqlarda vasitəçi ölkələrin rolu və ikitərəfli münasibətlərə də toxunulub.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında əldə olunan atəşkəs region üçün ilkin olaraq gərginliyin azalması perspektivi yaradır:
“Bu, xüsusilə, Körfəz və Yaxın Şərq ölkələri üçün əhəmiyyətlidir, çünki ABŞ-İran qarşıdurması regionda geniş eskalasiya riskini artırıb. Atəşkəs, əgər tərəflər vasitəsilə sadiq qalınsa, regional təhlükəsizliyi qismən təmin edə və böyük hərbi toqquşmaların qarşısını ala bilər. Lakin bu sabitlik uzunmüddətli və davamlı olması üçün yalnız razılaşmanın imzalanması kifayət deyil, eyni zamanda regional aktorların reaksiya və strategiyaları da həlledici rol oynayır”.
Politoluqun sözlərinə görə, Azərbaycan üçün ABŞ-İran atəşkəsi həm iqtisadi, həm də təhlükəsizlik baxımından prioritet təşkil edir:
“İran bizim qonşu ölkədir və regionda sabitlik, tranzit enerji marşrutlarının, nəqliyyat dəhlizlərinin və iqtisadi layihələrin təhlükəsizliyinə birbaşa təsir göstərir. Bu kontekstdə Azərbaycan diplomatik olaraq həm atəşkəsi dəstəkləyir, həm də vasitəçi ölkələr və beynəlxalq institutlarla əlaqələr vasitəsilə regional sabitliyin qorunmasında fəal iştirak etməyə çalışır. Yəni Azərbaycanın prioriteti yalnız öz ərazi bütövlüyünü qorumaq deyil, həm də regionun ümumi təhlükəsizlik çərçivəsində sabit mühitin formalaşmasıdır. Atəşkəsin davamlılığına gəldikdə isə bu bir neçə amildən asılıdır. Əvvəlcə, tərəflərin kompromisslərə nə qədər hazır olub-olmaması çox önəmlidir. Eyni şəklildə ABŞ və İranın razılaşmaya sadiqliyi əsas şərtdir. ABŞ və İran daxilində sərt və yumşaq xətt tərəfdarlarının mövqeləri də atəşkəsin davamlılığına təsir edən əsas faktorlar arasında yer alır. Bu günə tərəflərin davamlı sülh üçün şərtləri bir-birindən kəskin şəkildə fərqləndiyi üçün bu atəşkəsin davamlı sülhə gətirib çıxaracağını demək mümkün deyil. Ümumi olaraq dəyərləndirsək deyə bilərik ki, ABŞ-İran atəşkəsi region üçün müvəqqəti sabitlik təmin edə bilər. Bu, Azərbaycanın və digər qonşu dövlətlərin strateji planlamasında müəyyən rahatlıq yaradır. Lakin atəşkəsin uzunmüddətli davamlılığı tərəflərin siyasi iradəsi, regional aktorların davranışı və beynəlxalq nəzarət mexanizmlərinin səmərəliliyi ilə sıx bağlıdır”.
Mələk Hüseynova