Əbdülhəqq Hamid Tahran
“Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsaslarını yaratmaqda müstəsna rol oynayan füyuzatçılar müstəqil dövlət quruculuğunun, milli istiqlala qovuşmağın yolunu aydınlaşdırarkən ümumxalq hərəkatına söykəndilər”.
XIX əsrin sonu XX əsrin əvvəlləri “bütün türk dünyasının yetirdiyi nəhəng, ictimai, siyasi və ədəbi şəxsiyyət” olan Əli bəy Hüseynzadə “Füyüzat” jurnalının ətrafına yalnız Azərbaycanın yox, böyük türk dünyasının ən istedadlı qələm əhlini çəm edə bildi. Əli bəyin “ideyalarına işıq tutan” ədiblərdən biri də Anadolu-türk təcəddüd ədəbiyyatının tanınmış nümayəndəsi Əbdülhəqq Hamid Tahrandır. Türk ədəbiyyatında romantizmin ən görkəmli nümayəndələrindən biri olan, şair və dramaturq kimi tanınan Ə.H.Tahran 1852-ci ildə “Bebekteki Həkimbaşı Yalısında köklü və əski bir ulema ailəsində” dünyaya gəlib. Hamidin atası tarixçi və diplomat kimi tanınmış bir ziyalı, anası isə “Kafkasyadan kaçırılmış bir cariyə” olub.
Əvvəl məhəllə və ev təhsili alan Hamid bir necə il də “Rumelihisari Rüştiyədə” oxuyub. Sonra “Paris və Tehranda təhsilini davam etdirib”. Fransız, ərəb, fars dillərini, ədəbiyyatını yaxşı öyrəndikdən sonra “1864-cü ildə İstanbula qayıdır və bir müddət Tehran da büyükelçi olaraq çalışır”.
Uzun illər xarici ölkələrdə diplomatik vəzifələrdə çalışan Ə.Hamid 1886-cı ildə “İngiltərədə yaşayarkən ingilis xalqının müxtəlif nümayəndələri ilə tanış olur”. Bu tanışlıq nəticəsində o məşhur “Finten” və “Cünuni Eşq” əsərlərini yazır. Ə.Hamidin yaradıcılığında azadlıq ideyalarının tərənnümü mühüm yer tutur. Onun “Azadlıq”, “Hind qızı”, “Əşbər” əsərləri buna bir daha sübutdur.
“Azərbaycan ədəbiyyatında romantizmin geniş yayılmasına çalışan Ə.Hüseynzadə bu məqsədlə türk romantik ədəbiyyatının təbliğinə də mühüm əhəmiyyət verir və bu ədəbiyyatın nəşri, təhlili məsələləri ilə ardıcıl məşğul olurdu”. Bu baxımdan Ə.Hamid, N.Kamal, T.Fikrət, A.Cövdət yaradıcılığına “Füyuzat”ın səhifələrində yalnız geniş yer verilmirdi, həm də onların ədəbi irsi də yüksək qiymətləndirilirdi. Füyuzatçı Əhməd Kamalın 1909-cu ildə “Kaspi” mətbəəsində çap etdirdiyi “Füyuzat” adlı (qiraət kitabı)nda dünya ədəbiyyatı klassikləri ilə yanaşı Ə.Hamid yaradıcılığından da seçmələr verilib. Elə “Füyuzat”ın səhifələrində də “Üdəbayi-Osmaniyyədən bəzilərinin əqvali-hikəmiyyələri” sərlövhəsi ilə tez-tez çap olunan hikmətli kalamların arasında Ə.Hamidinin də fikirləri ilə rastlaşmaq olur. Məsələn, “Həsəd bir səhabi-kəsifdir ki, həsudə qarşısında bulunan xəsmin ləyaqətini görməgə hail olur”, və yaxud “Az-çox xəyaldan gəlir insana təsliyət!” və s.
Bütün bunlar “Füyuzat”çı ideya-estetik konsepsiyaya söykənərək həm türk təcəddüd ədəbiyyatının inkişafına səbəb olurdu, həm də onun görkəmli yazarları haqqında məlumat verirdi. Bu haqda füyuzatçı alim filologiya elmləri doktoru, professor Ş.Vəliyev yazır: “Füyuzat”çıların həmin istiqamətdə apardığı səmərəli işin nəticəsidir ki, Əbdülhəqq Hamid, Abdulla Cövdət, Əhməd Kamal və s. onlarla başqaları haqqında XX əsr Azərbaycan mətbuatında çoxsaylı məqalələrə rast gəlmək, adı çəkilən müəlliflərin mükəmməl ədəbi-tarixi portreti ilə tanış olmaq mümkündür”.
Yeri gəlmişkən bir faktı da qeyd etmək lazımdır ki, böyük filosof şair Hüseyn Cavid də yaradıcılığa yenicə qədəm qoyarkən Əbdülhəqq Hamid bədii irsindən bəhrələnmişdir. Onların yaradıcılığı arasında “ideya-estetik əlaqələrin, bədii sənətkarlıq oxşarlığının olması” haqqında görkəmli yazar Abdulla Şaiq 1960-cı illərdə “Xatirələrim”də yazırdı: “...Vaxtı ilə ədəbiyyatda hakim olan hissiyun (sentimentalizm) ədəbi məsləkinin indi romantizm və realizm məsləki əvəz edirdi. Romantizim ədəbi məsləkini davam etdirən, bir çox mənzum tarixi faciələri ilə şöhrət qazanmış Əbdülhəqq Hamid idi. Gənc Hüseyn də ən çox Əbdülhəqq Hamidi bəyənmiş olduğundan onun əsərlərini daha çox oxuyurdu. Elə bu vaxt “Cavid” təxəllüsü ilə yeni tərzdə bir necə şer də yazmışdı”. A.Şaiq 1912-ci ildə çap etdirdiyi “Gülzar” adlı dərsliyində də Ə.Hamid ədəbi irsinə yer ayırmışdır.
Yaradıcılığında milli azadlıq ideyalarını dönə-dönə tərənnüm edən Ə.Hamidi dövrünün görkəmli yazarı Əmin Abid “Böyük simalar: Əbdülhəqq Hamid” şerində “türkün ən böyük şanlı dühası” kimi təqdim edirdi:
Fikirlərdə dərinliklər oyatdı,
Dərinliklərdə yüksəklik yaratdı.
“Füyuzat”çı Ə.Abid də Ə.Hamidin “ümumtürk ədəbi-mədəni inkişafına xidmətini aydınlaşdırmaqla yanaşı həm də yüksək dəyərləndirirdi”. Ə.Hüseynzadə və M.Hadi də Ə.Hamid yaradıcılığına eyni nöqteyi nəzərdən yanaşmışlar. M.Hadi onu “Böyük Hamid” adlandırır, Əli bəy isə “ədəbi mühiti onun romantik sənətkarlıq təcrübəsindən bəhrələnməyə sövq edirdi”.
Romantik ədəbi məktəbin nümayəndəsi olan Ə.Hamidin “Füyuzat” da ilk çıxışı 23 iyun 1907-ci il tarixli 24-cü sayına təsadüf edir. “Təcəlli, yaxud təsəlli” sərlövhəli şeiri “Əbdülhəqq Hamid” imzası ilə çap olunub. “Nədir ya Rəbb! derdim neçün solmuş çiçəklər?” -deyə şair həm nakam sevgisindən, həm də zəmanəsindən şikayət edərək Tanrıdan kömək diləyir.
Əslində təkcə Ə.Hamid yox əksər romantiklər “Füyuzat”da bir –iki dəfə çıxış etmələrinə baxmayaraq “Füyuzat”çı ənənələrə sadiq qalan mətbu orqanlarla əməkdaşlıq etməklə Azərbaycan ədəbi mühitində Füyuzat ədəbi məktəbinin və romantizmin formalaşmasına, inkiaşfına çox böyük dəstək oldular.
Böyük Millət Məclisinin deputatı olan Ə.Hamid yaradıcılığına Sovet “hökuməti” ilk illərdə nisbətən yaxşı münasibət dəolub. 1927-ci ildə onun “Hind qızı” pyesi Bakıda uğurlu bir səhnə həyatı yaşayıb. Sonları “Füyuzat” ədəbi məktəbinin “əleyhinə yönələn tərəddüdlərlə dolu ideoloji təzyiq və təsirlər” özünü əks etdirməyə başladı və romantiklərə qarşı birmənalı olaraq siyasi ittihamlar irəli sürüldü...
Yaradıcılığında vətən, millət, azadlıq sevgisi əsas yer tutan Ə.Hamid bir diplomat kimi uzun illər vətənindən, əzizlərindən uzaq yaşamışdır. Ailə həyatındakı uğursuzliqlar da bəlkə bununla bağlı idi. Ə.Hamid ilk dəfə 1874-cü ildə on üç yaşlı Fatma adlı bir türk gözəli ilə evlənir və bu evlilikdən iki oğlu dünyaya gəlib. 1890- cı ildə Hamid Bayan Nelly adlı ingilis qızla ailə qurur. Deyilənə görə Nelly vərəm xəstəsi olduğu üçün tez zamanda dünyasını dəyişir. 1911-ci ildə Ə.Hamid Cəmilə adlı bir türk xanımla nigaha girir. Çox təəssüf ki, bu nigah da ona xöşbəxtlik gətirmir. Bu evliliyin ömrü cəmi “20 gün olur”. Baş verən hadisə Ə.Hamidi çox sarsıdır, o, yenidən Vətənini tərk edib Brüselə gedir. O, burada Lüsyen adlı xanımla tanış olur və bu tanışlığı rəsmiləşdirsə də, bir necə il sonra Lüsyen Hamiddən “dostçasına ayrılaraq” başqasına ərə gedir. 1927-ci ildə ikinci ərini tərk edən Lüsyen yenidən Hamidin yanına İstanbula qayıdır və onlar bir yerdə yaşayırlar. Nağıla bənzər bu “ailə həyatı” bir daha sübut edir ki, əksər romantiklər kimi Hamid də həyatı boyu xoşbəxtliyinin axtarışında olub. Elə bu “axtarışda” ömrünü 1937-ci ildə İstanbulda başa vurdu.
BDU-nun professoru Qərənfil Dünyaminqızı
