00:00:00
Yazar
Admin User
09.12.2025 13:51 189 2 dəq oxuma
Media

BDU-da “Radio jurnalistikası” kitabının təqdimatı

BDU-da “Radio jurnalistikası” kitabının təqdimatı

Bakı Dövlət Universitetində “Radio jurnalistikası” adlı yeni dərsliyin təqdimat mərasimi keçirilib. Kitab Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova və Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirovanın müəllifliyi ilə hazırlanıb.

 

Tədbirdə Media FM radiostansiyasının təsisçisi və baş direktoru Rüstəm Əliyev radio sahəsinin gələcək inkişaf perspektivlərindən danışaraq bildirib ki, 30 il sonra radio Azərbaycan cəmiyyətində daha da məşhur olacaq və bu sahənin milli dəyərlərə xidmət etməsi üçün peşəkar mütəxəssislərə böyük ehtiyac var. Onun sözlərinə görə, radio yalnız aparıcı və redaktordan ibarət deyil və zaman keçdikcə inkişaf edən bu sahə üçün belə dərsliklər xüsusi əhəmiyyət daşıyır.

 

 

BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu çıxışında qeyd edib ki, yeni dərslik gələcək nəsil üçün qiymətli bilik toplusudur və radio jurnalistikası hər zaman özünəməxsus sahə kimi fərqlənib. O bildirib ki, fakültədə son illər dərsliklərin yenilənməsi istiqamətində ardıcıl işlər görülür.

 

 

Professor Qulu Məhərrəmli də tədbirdə çıxış edərək radioda uzun illər peşəkar və vicdanlı jurnalistlərin çalışdığını, radio yolunun televiziyadan daha peşəkar bir istiqamət olduğunu düşündüyünü qeyd edib. BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev müəllifləri təbrik edərək onlara uğurlar arzulayıb. Azərbaycan Radiosunun direktoru Billurə Aslanqızı isə yeni dərsliyin radio jurnalistikası sahəsində atılmış ən mühüm addımlardan biri olduğunu bildirib.

 

 

Təqdimatda ASAN Radionun direktoru Emin Musəvi, AzTV-nin sədr müavini Rafiq Həşimov, Azərbaycan Radiosunun direktoru Billurə Aslanova, PRO Media Qrupun təsisçisi Cavid Neymətzadə, “PreMark” şirkətinin rəhbəri Azər Nəzərov, Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov, qurumun mətbuat katibi Taleh Quliyev, Azərbaycan Radiosunun baş redaktoru Dilşad Mirzəyeva, Azərbaycan Beynəlxalq Radiosunun proqram rəisi Natəvan Dəmirçioğlu, əməkdar incəsənət xadimi Şəfəq Əlixanlı, Radio TMB-nin baş prodüseri Hakim Eyvazov, Səhiyyə Radiosunun aparıcısı Qumru Saf, departament rəhbəri Sitarə Həmidova, BDU Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva və digər media nümayəndələri iştirak edib.

 

Kitabın müəlliflərindən Aynur Nəsirova radio və texnologiyaların inkişafı ilə əlaqədar dərsliyin gələcəkdə yenilənəcəyini deyib. Xatirə Hüseynova isə kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edərək, xüsusilə professor Qulu Məhərrəmlinin dəstəyini vurğulayıb.

 

Qeyd edək ki, tədbirdə tələbələr, radio sahəsi üzrə mütəxəssislər və fakültə əməkdaşları da iştirak edərək “Radio jurnalistikası” kitabının əhəmiyyətini yüksək qiymətləndiriblər.

 

 

 

 

 

 

 

 

 

Ayan Sədi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər