BDU Tarix Muzeyi müasir formatda yenidən ziyarətçilərin istifadəsinə verilib
Bakı Dövlət Universitetinin Tarix Muzeyi yenidənqurmadan sonra fəaliyyətini müasir formatda davam etdirir. Aparılan yenilənmə işləri çərçivəsində muzeyin ekspozisiyası zənginləşdirilib, universitetin son illərdə qazandığı uğurları əks etdirən yeni bölmələr və eksponatlar əlavə olunub. Yenilənən muzeydə həmçinin multimedia təqdimatları və interaktiv məlumat vasitələri də ziyarətçilərin istifadəsinə verilib.
Mövzu ilə bağlı BDU-nun Tarix Muzeyinin müdiri Günel Orucəliyeva təəssüratlarını və muzeyin gələcək fəaliyyət planlarını saytımızla bölüşüb.
Günel Orucəliyeva bildirib ki, müasir dövrdə muzey işinin yenidən qurulması artıq bir zərurətdir və BDU-nun Tarix Muzeyi də bu trendlərdən geri qalmır:

"Muzey ilk dəfə 2010-cu ildə yenilənərək BDU-nun keçdiyi şərəfli tarixi inkişaf yolunu özündə əks etdirən mərkəz kimi fəaliyyətə başlayıb. Cari ildə aparılan yenilənmə zamanı isə əsas məqsədlərdən biri ziyarətçilər üçün daha cəlbedici və interaktiv mühit formalaşdırmaq olub. Eyni zamanda, muzey yeni eksponatlarla zənginləşdirilib, BDU-nun son illərdə elm və təhsil sahəsində qazandığı uğurlar da mövcud kompozisiyaya əlavə edilib”.

Yenilənmə müddətində görülən işlər barədə danışarkən, muzeyin müdiri fondun zənginləşdirilməsində fakültələrin rolunu xüsusi vurğulayıb.

Bildirilib ki, universitetin tədris, elmi-tədqiqat, sosial fəaliyyəti və beynəlxalq əlaqələrini əks etdirən yeni vinil məlumat lövhələri hazırlanaraq çap olunub:
“ Universitetə məxsus maddi-mədəni irs nümunələrinin qorunması məqsədilə fakültələr il ərzində muzey fonduna müxtəlif eksponatlar təqdim edib. Fondun əsas hissəsini universitetin tarixini, fəaliyyətini və uğurlarını əks etdirən sənədli materiallar, məktublar, foto sənədlər, diplomlar və müxtəlif hədiyyələr təşkil edir. Bundan əlavə, fond Bakı Dövlət Universitetinin ölkədaxili və beynəlxalq səfərlər zamanı əldə etdiyi sertifikatlar, fəxri fərmanlar və təşəkkürnamələrlə daha da zənginləşdirilib”.
Muzeyin ekspozisiya strukturu barədə məlumat verən Günel Orucəliyeva bildirib ki, burada universitetin tarixi üç əsas dövr üzrə təqdim olunur:

“Ekspozisiyada Azərbaycan Xalq Cümhuriyyəti dövrü, sovet hakimiyyəti illəri və Azərbaycanın müstəqillik dövrünü əhatə edən materiallar nümayiş etdirilir. Muzey fondunun zənginləşdirilməsi üçün fakültələrin il ərzində sənədli materiallar, fotoşəkillər, sertifikatlar, diplomlar və tarixi cihazlar topladığı da qeyd edilib.
Muzeyin ən nadir eksponatlarından bəhs edən muzey müdiri xüsusi məqamlara toxunub:

"Muzeyimizin qorunub saxlanılan ən nadir eksponatlarından biri Azərbaycan xalqının Ümummilli lideri, BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verilən Universitetin Fəxri doktoru diplomlarıdır. Muzeydəki ən maraqlı eksponatlardan biri də BDU-nun tədris korpuslarının 1960-cı illərdə hazırlanan ilkin layihəsidir. Məhz bu tarixi layihə əsasında 1965-ci ildə Universitetin Yasamal rayonu ərazisindəki ilk tədris korpusu inşa edilib. Hazırda muzey həm yerli, həm də xarici qonaqların universitetin şərəfli tarixi ilə tanış olması üçün multimedia slaydları, filmlər və zəngin fondla tam funksional şəkildə fəaliyyət göstərir”.
Zəri Bayramlı