00:00:00
Yazar
Ayan Sadi
13.11.2026 23:06 334 10 dəq oxuma
Müsahibə Özəl

Pərviz Sərxan: “Hər obraz mənim üçün yeni qapıdır” - Aktyorluq insanın özünü yenidən kəşf etmə prosesidir

 

Pərviz Sərxan: “Hər obraz mənim üçün yeni qapıdır” - Aktyorluq insanın özünü yenidən kəşf etmə prosesidir

Teatr səhnəsinə və ekran qarşısına addımlar atan gənc aktyor üçün hər obraz həm özünü sınamaq, həm də sənət yolunda yeni bir mərhələyə keçmək imkanıdır. Lakin aktyorluq yalnız səhnədə görünmək və obrazı canlandırmaqdan ibarət deyil. Bu sənət davamlı axtarış, daxili müşahidə, intizam və insanı dərindən anlamaq bacarığı tələb edir.

 

“Dördüncü divar” serialında kamera qarşısına çıxan, “Əli və Nino” tamaşası isə Əli obrazını canlandırmağa hazırlaşan gənc aktyor Pərviz Sərxanla həmsöhbət olduq. Sənət yolunun başlanğıcından, peşəkar kimliyin formalaşmasından, gənc aktyorların qarşılaşdığı çətinliklərdən və obraz yaratmağın yaradıcı tərəflərindən danışdıq. Aktyor teatr fəlsəfəsini, müəllimlərindən aldığı təcrübəni və bu sənətə fərdi yanaşmasından "İnformator.az"a danışdı:

 

 

1. Teatrda yeni sima olmaqla özünü yeni aktyor kimi təsdiqləmək eyni şey deyil. Sizcə, aktyorun peşəkar kimliyinin formalaşdığını hansı məqamdan etibarən demək mümkündür? Sizin bu yolda ən böyük dəstəyiniz kim və ya nədir?

 

Məncə, aktyorun peşəkar kimliyi onun səhnəyə ilk çıxışı və ya kamera qarşısında ilk görünüşü ilə müəyyən olunmur. Bu, davamlı axtarış, zəhmət, təcrübə və öz üzərində işləmək prosesi ilə formalaşır. Aktyor hər yeni obrazda özünü bir qədər də tanımalı, əvvəlki qənaətlərini sorğulamalı və yeni ifadə imkanları axtarmalıdır.

 

Bu yolda mənə dəstək olan, aktyorluq sənətinə ilk addımlarımı atmağımda əməyi olan müəllimlərimi də xüsusi minnətdarlıqla xatırlamaq istəyirəm. Xalq artisti Məmmədsəfa Qasımov və Əməkdar artist Qasım Nağı kimi sənətkarların mənim sənət yolumda böyük dəstəyi olub. Onlar mənim üçün bu sənətin ilk əlifbasını öyrədən, aktyorluğa ilk baxışımı formalaşdıran müəllimlərdəndir. İnsanın sənət yolunda ilk dəfə əlindən tutan, ona istiqamət göstərən və daxilindəki istedadı görməyə kömək edən insanların zəhməti heç vaxt unudulmur. Mən də onların mənə verdiyi biliklərə, göstərdikləri diqqətə və dəstəyə görə hər birinə dərin minnətdarlığımı bildirirəm.

 

Bu gün də mənim üçün ən böyük dəstəklərdən biri ustadım Dağlar Yusifdir. Onu sadəcə müəllimim kimi deyil, sənət yolumda mənə istiqamət verən, mənə inanan və inkişafımı daim izləyən ustadım kimi qəbul edirəm. Onun mənə göstərdiyi etimad, qayğı və diqqət mənim üçün çox dəyərlidir. O, yalnız dərs prosesində deyil, yaradıcılıq yolumun hər mərhələsində, atdığım addımlarda, qarşılaşdığım çətinliklərdə mənə dəstək olur. Daim inkişafımı izləməsi, hər addımıma diqqət yetirməsi və potensialıma inanması mənə böyük məsuliyyət hissi ilə yanaşı, əlavə güc də verir. Bəzən insanın özündə görə bilmədiyi imkanları ona inanan bir insan görür. Mənim üçün Dağlar müəllimin bu inamı xüsusi əhəmiyyət daşıyır.

 

Onun rəhbərliyi ilə fəaliyyət göstərdiyimiz META Eksperimental Performans Teatr Studiyası isə bizim üçün sadəcə teatr studiyası deyil. Bura özümüzü, bədənimizi, ruhumuzu və düşüncəmizi araşdırdığımız yaradıcı bir məkandır. META-da birlikdə çalışdığım aktyorların hər birini istedadlı, bacarıqlı və öz yaradıcılıq axtarışında məqsədi olan insanlar kimi görürəm. Hər birimizin sənətə fərqli yanaşması, fərqli axtarışları var. Ən önəmlisi isə hər kəs nə istədiyini bilir və biz bu yolda bir-birimizdən öyrənərək, bir-birimizə dəstək olaraq birlikdə irəliləyirik.

 

Yaradıcılıq prosesimizdə Qrotovskinin ontoloji aktyorluq yanaşmasına, Mixail Çexovun aktyor texnikasına, Meyerholdun biomexanikasına, Etyen Dekrunun bədən teatrına, Tadashi Suzukinin aktyor hazırlığı sisteminə və adını çəkmədiyim bir çox teatr fəlsəfəsinə toxunmağa, onları araşdırmağa və özümüzdə təcrübədən keçirməyə çalışırıq. Bu, bizim üçün yalnız texniki məşqlər toplusu deyil. Burada daha dərin, mənəvi və ruhani bir proses gedir. Bədənlə ruhun, düşüncə ilə hərəkətin və insanın öz varlığı ilə münasibətini araşdırmağa çalışırıq. Əslində, özümüzü tapmağa, ruhumuza toxunmağa, insanın daxilində gizlənən ifadə imkanlarını üzə çıxarmağa çalışırıq. Məncə, aktyorluğun ən maraqlı tərəflərindən biri də budur.

 

Peşəkar fəaliyyətimin ilk addımlarında mənə göstərilən etimadın xüsusi yeri var. “Dördüncü divar” serialında jurnalist Araz Sadıqov obrazını mənə həvalə edən rejissor Elvin Rüstəmzadənin dəstəyini ayrıca qeyd etmək istəyirəm. O, kamera qarşısındakı ilk addımlarımı çox diqqətlə izləyir, hər detalıma həssas yanaşırdı. Mənə yalnız obrazı oynamağı deyil, onun dərinliyinə enməyi, daxili qatlarını axtarmağı və kamera qarşısında daha dolğun ifadə etməyi öyrətməyə çalışırdı.

 

İş prosesində yol verdiyim səhvləri və çatışmazlıqları belə böyük səbir və təmkinlə izah edir, onları yenidən işləyərək düzəltməyimə kömək edirdi. Mənim üçün bu, sadəcə rejissor-aktyor münasibəti deyildi, həm də öyrənmək və peşəkarlaşmaq imkanı idi. Elvin müəllimin özünəməxsus rejissor üslubu və stilistikası mənə çox yaxındır. Onun aktyoru duymaq, onun imkanlarını görmək və doğru istiqamətə yönəltmək bacarığına böyük hörmətim var. Çəkiliş prosesində onun peşəkarlığını aydın hiss edirdim. Düşünürəm ki, yaxşı rejissor yalnız səhnəni və ya kadrı deyil, həmin kadrın içindəki aktyoru da çox yaxşı tanımalıdır. Elvin Rüstəmzadə bu baxımdan mənim üçün dəyərli yaradıcılıq təcrübəsi və sənət yolumda iz qoyan insanlardan biridir.

 

Hazırda isə teatr yaradıcılığımda yeni bir mərhələdəyəm. Dekabrın 10-da İnstinkt Teatrı tərəfindən təqdim olunacaq “Əli və Nino” tamaşasında baş rollardan biri olan Əli obrazını canlandıracağam. Tamaşanın quruluşçu rejissoru Abdulla Elşadlının mənə göstərdiyi etimadı və yaradıcılıq prosesindəki dəstəyini xüsusi qeyd etmək istəyirəm. O, obrazın daxili dünyasını, səhnə həqiqətini və rejissor düşüncəsini anlamağım üçün mənə istiqamət verir, axtarışlarımda dəstəyini əsirgəmir. Onunla işləmək mənə səhnəyə, obraza və aktyor məsuliyyətinə başqa tərəfdən baxmaq imkanı yaradır. Rejissorun aktyora inanması, onun yaradıcı axtarışlarına yer açması və həmin axtarışları doğru istiqamətə yönəltməsi teatr prosesində çox önəmlidir. Mənə göstərdiyi diqqətə, etimada, köməyə və səmimi dəstəyə görə Abdulla Elşadlıya xüsusi təşəkkürümü bildirirəm.

 

Düşünürəm ki, aktyorun formalaşması yalnız öz zəhmətinin nəticəsi deyil, həm də ona inanan, yol göstərən və inkişafı üçün şərait yaradan insanların töhfəsidir. Amma bütün bunların qarşılığında ən böyük məsuliyyət yenə aktyorun öz üzərinə düşür.

 

2. Teatr mühitində aktyorun istedadı ilə ona verilən imkanlar həmişə üst-üstə düşürmü? Gənc aktyorun potensialını üzə çıxarmasına mane olan əsas amillər hansılardır?

 

Xeyr, məncə, hər zaman üst-üstə düşmür. Çünki istedadın mövcudluğu onun özünü göstərməsi üçün kifayət etmir. Bunun üçün mühit, etimad, yaradıcı imkan və ən əsası, aktyora özünü sınamaq fürsəti lazımdır.

 

Gənc aktyorun qarşısında bəzən təcrübə çatışmazlığı, maddi və təşkilati çətinliklər, bəzən də ona göstərilən etimadın azlığı dayanır. Digər tərəfdən, aktyorun öz daxilində yaratdığı qorxular da potensialının üzə çıxmasına mane ola bilər. Rədd edilmək qorxusu, səhv etməkdən çəkinmək və özünü sübut etmək tələskənliyi yaradıcılığı məhdudlaşdıra bilir.

 

Mən hesab edirəm ki, gənc aktyora yalnız hazır olduğunu sübut etmək üçün deyil, hazırlaşmaq və inkişaf etmək üçün də imkan verilməlidir. Çünki bəzən bir aktyorun potensialını üzə çıxarmaq üçün ona sadəcə etimad göstərmək və məsuliyyət vermək kifayətdir.

 

Eyni zamanda düşünürəm ki, aktyor da imkanların yaranmasını gözləməklə kifayətlənməməlidir. Öz üzərində işləməli, axtarmalı, eksperimentlər aparmalı və qarşısına çıxan kiçik fürsətləri belə yaradıcılıq təcrübəsinə çevirməyi bacarmalıdır.

3. Səhnədə rejissorun yaratdığı konsepsiyanın icraçısı olmaqla öz aktyor mövqeyini ortaya qoymaq arasında sərhədi necə müəyyənləşdirirsiniz?

 

Mənim üçün rejissorun konsepsiyası ilə aktyorun fərdi mövqeyi bir-birinə qarşı duran anlayışlar deyil. Teatr kollektiv sənətdir və rejissorun yaratdığı ümumi dünyanı anlamaq, onun ideyasına xidmət etmək aktyorun məsuliyyətidir.

 

Amma bu, aktyorun öz düşüncəsindən imtina etməsi demək deyil. Əksinə, aktyor rejissorun təqdim etdiyi konsepsiyanın daxilində öz müşahidələrini, hisslərini və fərdi yanaşmasını obrazın dilinə çevirməyi bacarmalıdır.

 

Mən rejissorun fikrini kor-koranə icra etməkdənsə, onun nə demək istədiyini anlamağa çalışıram. Suallar vermək, müzakirə etmək, təklif irəli sürmək yaradıcılıq prosesinin bir hissəsidir. Ancaq burada eqo ilə yaradıcı mövqeyi qarışdırmamaq vacibdir.

 

Düşünürəm ki, aktyorun fərdiliyi rejissorun konsepsiyasına qarşı çıxmaqla deyil, həmin konsepsiyanın daxilində özünəməxsus ifadə vasitəsi tapa bilməklə ortaya çıxır. Mənim üçün yaxşı yaradıcılıq prosesi rejissorla aktyor arasında qarşılıqlı etimadın və yaradıcı dialoqun mövcud olduğu prosesdir.

 

4. Aktyor obrazı özündən çıxarmalıdır, yoxsa özünü obrazın daxilində yenidən kəşf etməlidir? Sizin yaradıcılıq metodunuz hansına daha yaxındır?

 

Mən bu iki yanaşmanı bir-birindən ayırmazdım. Çünki obrazı yaratmaq üçün aktyor müəyyən mənada özündən çıxış edir, amma obrazın daxilinə daxil olduqca özündə əvvəllər fərq etmədiyi tərəflərlə qarşılaşır.

 

Mənim yanaşmam daha çox özümü obrazın daxilində yenidən kəşf etməyə yaxındır. Çünki hər obraz mənim üçün yeni bir insanı tanımaqla yanaşı, özümün də tanımadığım tərəflərini kəşf etmək imkanıdır.

 

Aktyor obrazı yalnız öz şəxsi təcrübəsinin çərçivəsində qurarsa, onu məhdudlaşdıra bilər. Bəzən insanın heç vaxt yaşamadığı bir hissi, heç vaxt etmədiyi bir hərəkəti, hətta öz dünyagörüşünə tamamilə zidd olan bir düşüncəni də anlamağa çalışması lazımdır.

 

Mənim üçün aktyorluğun maraqlı tərəfi də budur: səhnədə başqa bir insanın həyatını yaşamağa çalışarkən, əslində insanı və özünü daha dərindən tanımaq. Hər obraz aktyor üçün yeni bir qapıdır. Əsas məsələ həmin qapıdan keçməyə cəsarət etməkdir.

 

 

 

Aktyorun sənət yolunda müəllimlərinin və birlikdə çalışdığı rejissorların da xüsusi yeri var.

META Eksperimental Teatr və Performans Studiyasının rəhbəri, teatrşünas Dağlar Yusif onun aktyorluğa münasibətini belə xarakterizə edir:

"Pərviz hər dərs yenidən doğulmağı bacaran tələbədir.

O özündə "mən heç nə bilmirəm!" əxlaqını formalaşdırmaq zərurətini dərk edən tələbədir. Aktyorluğun dayanacaq deyil, insanın "öz"ündən, şəxsiyyətindən, mənəviyyatından axıb gedən yol olduğunu anlayan tələbədir.

Pərviz aktyorluğu hədəf kimi deyil, məhz içinə boylanmaq prosesi kimi dəyərləndirən tələbədir.

Pərviz haqda dediklərimi "Meta"nın bütün tələbələri haqda deyə bilərəm, nədən ki, biz burda məhz belə əxlaq formalaşdırırıq. Pərvizin və mənimlə olan digər tələbələrimin özəlliyi isə bu ideyalara aşırı sadiqlik nümayiş etdirmələridir.

Sənət fəlsəfənin eyləm və formalarla ifadə olunan formasiyasıdır. Əgər sənin varlığa fəlsəfi münasibətin varsa sən əsl sənətçisən... Mən uğurlu, uğursuz və.s sənətçi demədim, məhz əsl sənətçi. Ümid edirəm və inanıram ki, Pərvizlə yanaşı digər tələbələrimin də mütləq uğurlu debütləri olacaq. Onlara işığı sevməyi və işıqla yaşamağı öyrətmişəm... Yolları işıq olsun!"

 

 

“Dördüncü divar” serialında Pərviz Sərxana jurnalist Araz Sadıqov obrazını həvalə edən kinorejissor Elvin Rüstəmzadə isə gənc aktyorun ekran debütünü və çəkiliş meydançasındakı fəaliyyətini belə qiymətləndirir:

 

"Rejissoru olduğum "Dördüncü Divar" serialı Pərvizin debüt işidir. O, kifayət qədər bacarıqlı, nizam-intizamlı və məsuliyyətli gəncdir.

 

Pərvizin müsbət xüsusiyyətlərindən biri də yaxşı ünsiyyət qabiliyyətidir. O qısa müddət ərzində həm aktyor həmkarlarının, həm də kamera arxasında çalışan yaradıcı heyətin sevimlisinə çevrilməyi bacarmışdı.

 

Aktyorluq fəaliyyətinə gəldikdə isə, bir rejissor kimi onun işindən razı qaldığımı deyə bilərəm. İlk böyük işi olduğunu nəzərə alsaq, düşünürəm ki, kifayət qədər yaxşı nəticə əldə etdik.

 

Təbii ki, Pərvizin bu gün aktyor kimi formalaşmasında Dağlar Yusifin əməyini də danmaq olmaz. İnanıram ki, Dağların aktyorluq təlimləri Pərvizin bir sənətçi kimi özünü tapmasında və potensialını üzə çıxarmasında mühüm roll oynayacaq".

 

 

 

Pərviz Sərxanın baş rollardan biri olan Əli xan Şirvanşirini canlandırdığı “Əli və Nino” tamaşasının quruluşçu rejissoru Abdulla Elşadlı da aktyorun yaradıcılıq potensialından və məşq prosesindəki fəaliyyətindən danışıb:

 

"Mənim üçün aktyorda ilk növbədə dəqiqlik prinsipi dayanır. Ondan sonra aktyor sənətinin peşəkar normativləri gəlir. İstedad onsuz da olmalıdır. Peşə vərdişlərinə yiyələnmək, sənətini bilmək və ona hakim olmaq isə aktyor üçün mütləq şərtdir.

 

Pərviz ustadına sadiqdir. Müəlliminin qoyduğu qanunlarla yaşayır və həmin qanunlardan kənara çıxmağı, sanki, özünə günah hesab edir. Ona aşılanan kodlar, keçdiyi məktəb, müəlliminin prinsipləri daim beyninin bir küncündədir. O, bu məktəbin izindən gedir. Bu, çox az rast gəlinən bir fenomendir.

 

Düşünürəm ki, Pərviz kimi dörd aktyor və üç aktrisa olsa, kiçik bir truppa yaradaraq çox möhtəşəm tamaşalar qurmaq mümkündür.

 

Bir məsələ də var ki, Azərbaycan teatrında artıq defisitə çevrilib: Pərviz rejissoru tez anlayır və sual vermədən tapşırığı icra edir.

 

Ustadım Leviçki deyirdi: "Aktyorun teatrda bir haqqı və ixtiyarı var — təklif etmək. Qalan heç bir haqqı və ixtiyarı yoxdur".

 

Pərviz bunu anlayır, bu prinsipə inanır və özünə kompleks etmir.

 

Hazırda Pərviz mənim quruluşumda — Qurban Səidin "Əli və Nino" tamaşasında Əli xan Şirvanşiri canlandırır. Bu qədər qısa müddətdə obrazı öz üzərinə götürməsi, qorxmaması, hər məşqdə konkret nəticə göstərməsi artıq özü bir göstəricidir. Onun debütü çox uğurlu görünür və əminəm ki, uğurlu da olacaq.

 

Sonda bir məqamı xüsusi vurğulamaq istəyirəm: bu, tərif deyil. Əslində, belə də olmalıdır. Bu, normal peşəkar münasibətdir. Sadəcə, bizdə bu keyfiyyətlərə az rast gəlindiyindən, insan bunları ayrıca qeyd etmək istəyir.

 

Pərviz rejissorun fantaziyasını işə salan aktyordur".

 

 

Aktyorluq sənəti davamlı öyrənmə, təcrübə və yaradıcılıq axtarışları ilə müşayiət olunur. Pərviz Sərxanın sənət yolunun başlanğıcı onun üçün yeni axtarışlar və yaradıcılıq imkanları vəd edir.  Hər yeni obraz isə bu prosesin fərqli mərhələsini təşkil edir.

 

Aytən Əhmədova

Ayan Sədi

#etmə #“hər #baki #obraz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər