00:00:00
Yazar
Zəhra Həsənova
13.08.2026 21:28 17 2 dəq oxuma
Siyasət

"Belə mürəkkəb şəraitdə İran üçün müharibə aparmaq asan deyil" - ŞƏRH

"Belə mürəkkəb şəraitdə İran üçün müharibə aparmaq asan deyil" - ŞƏRH

İran Prezidenti Məsud Pezeşkian hazırkı müharibənin əvvəlki münaqişələrdən daha mürəkkəb olduğunu bildirib. O, mövcud vəziyyətin yalnız hərbi qarşıdurma ilə məhdudlaşmadığını, siyasi, təhlükəsizlik və regional amillərin də prosesə təsir etdiyini vurğulayıb. Pezeşkianın açıqlaması İranın müharibə şəraitində üzləşdiyi risklərin və regiondakı gərginliyin çoxşaxəli xarakter daşıdığını göstərir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, hazırkı müharibə əvvəlki İran-ABŞ qarşıdurmalarından və digər müharibələrdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Müharibə mürəkkəb xarakteri ilə seçilir:

 

“İranın əsas əleyhdarı olan ABŞ Prezidenti Donald Trampın hansı müharibə taktikası ilə işlədiyi konkret məlum deyil. ABŞ-nin İrana qarşı hərbi əməliyyatları fasilələrlə həyata keçirməsi də vəziyyəti mürəkkəbləşdirən amillərdəndir. Amerika gah diplomatik fəallığı artırır, gah zərbələr endirir, gah da zərbələr nəticəsində İranın potensialının tamamilə məhv olduğunu iddia edir. İranın əleyhinə açıq müharibə aparan Amerika ilə İsrailin baxışları heç də həmişə üst-üstə düşmür. Amerika Prezidenti bəzən fasilələrə və atəşkəsə ehtiyac görsə də, İsrail müharibənin bütün istiqamətlərdə davam etdirilməsi mövqeyini ortaya qoyur”.

 

Aydın Quliyev qeyd edib ki, belə mürəkkəb şəraitdə İran üçün müharibə aparmaq asan deyil. Zaman-zaman İrana qarşı quru əməliyyatlarının başlanacağı ilə bağlı bəyanatların səsləndirilməsi də Tehranın qarşısında əlavə vəzifələr yaradır:

 

“Bu, İranı məcbur edir ki, həm vurulan hərbi zərbələrin təsirlərini azaltmaq üçün əks tədbirlər görsün, həm özü Amerikanın bazalarına və İsrailə daha təsirli zərbələr endirmək haqqında düşünsün. Amerikanın quru əməliyyatlara başlayacağını hər kəs gözləsə də, amma hamı bunu mümkün hesab etmir. İran resurslarının müəyyən bir hissəsini həm də Amerikanın və İsrailin başlayacağı quru əməliyyatların qarşısını almaq üçün hazırlıqlara yönəldir. Bu da İranın həqiqətən olduqca mürəkkəb bir şəraitdə müharibə apardığını göstərir".

 

Pezeşkianın fikrincə, bu mesajların arxasında bir neçə məqsəd dayanır:

 

"İran cəmiyyətini olduqca mürəkkəb bir müharibə şəraitində olduğuna alışdırmaq üçün bu, çox gözəl bir taktikadır. İran cəmiyyəti düşünməlidir ki, əgər hakimiyyət belə çətin şəraitdə müharibə aparırsa, İran cəmiyyətinin də borcu həm bu müharibəyə dəstək vermək, həm də onun törətdiyi çətinliklərə dözümlü yanaşmaqdan ibarətdir. Pezeşkianın açıqlaması, əslində, məruz qaldığı təcavüzün qarşısında tutarlı müharibə taktikasından başqa bir şey deyil. Hətta etirafın özü də Pezeşkianın Amerikaya və İsrailə qarşı apardığı iddialı müharibənin əlamətlərindən biri sayıla bilər”.

 

Fatimə Hüseynli

#"belə #xəbər #deyil" #yeni #şəraitdə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər