Bernem Trampla telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Böyük Britaniyanın yeni baş naziri Endi Bernem ABŞ Prezidenti Donald Trampla ilk telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Böyük Britaniyanın yeni baş nazirinin ABŞ ilə hansı səviyyədə paralel addımlar atmağa maraqlı olacağı, yaxın günlərdə aydın olacaq:
“ABŞ və Böyük Britaniya tarixən strateji müttəfiq dövlətlərdir. Eyni zamanda, bu iki ölkə NATO çərçivəsində də sıx müttəfiqlik münasibətlərinə malikdir. Buna görə də dünyanın bir çox regionlarında onların geosiyasi maraqları üst-üstə düşür. Yaxın Şərq də Böyük Britaniyanın xüsusi diqqət yetirdiyi regionlardan biridir. Rəsmi London bu bölgədə öz strateji maraqlarının olduğunu heç vaxt gizlətməyib. Bu baxımdan, ABŞ ilə Yaxın Şərq siyasətində müəyyən koordinasiya və paralel fəaliyyətə dair anlaşmaların olması istisna edilmir. Düzdür, əvvəlki baş nazir Yaxın Şərqdəki hərbi-siyasi qarşıdurmalarda Böyük Britaniyanın birbaşa iştirakını mümkün qədər məhdud saxlamağa çalışırdı. Lakin yeni mərhələdə rəsmi Londonun mövqeyində dəyişiklik baş verə bilər. Bunu Ukrayna müharibəsinə münasibətdə müşahidə olunan siyasi dəyişikliklər də göstərir. ABŞ bir müddət Ukrayna məsələsində əvvəlki mövqeyindən fərqli yanaşma sərgiləyib:
Politoloq həmçinin bunu da qeyd edib ki, NATO-nun son sammitindən sonra Vaşinqton Ukraynaya dəstəyini davam etdirəcəyini, eyni zamanda Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib:
“Bu isə ABŞ ilə Böyük Britaniya arasında müəyyən siyasi anlaşmanın mövcud ola biləcəyi ehtimalını gücləndirir. Belə bir ssenaridə ABŞ Ukraynaya dəstəyini artırarsa, Böyük Britaniya da İran məsələsində Vaşinqtona daha fəal siyasi dəstək verə bilər. Nəzərə almaq lazımdır ki, şah rejimi dövründə Böyük Britaniya, Fransa və ABŞ-nin İranda ciddi siyasi və iqtisadi maraqları mövcud idi. Ona görə də istisna deyil ki, London Vaşinqtonla birlikdə həmin dövrdə mövcud olmuş ortaq strateji maraqların müəyyən elementlərini yenidən bərpa etməyə çalışsın. Bununla belə, Böyük Britaniyanın yeni baş nazirinin konkret hansı xətti seçəcəyini indidən qəti şəkildə söyləmək çətindir. Bunun üçün onun fəaliyyətinin ilk mərhələsini və xarici siyasətdə atacağı praktik addımları izləmək lazımdır”.

Güllər Gülhüseynova