“Beynəlxalq hüquq normalarının pozulmasına göz yumulub”
ABŞ-nin Prezidenti Donald Tramp İlham Əliyev və Nikol Paşinyan haqqında açıqlama verib. Tramp deyib ki, hər iki lider “çox yaxşıdır” və uzun illər mübarizə aparırlar, amma onun rəhbərliyi altında bir çox məsələləri “çox tez həll etdik”. Bu açıqlama regional siyasətdə liderlərin roluna və diplomatik proseslərə dair müzakirələri yenidən gündəmə gətirib.
Bu mövzu ilə bağlı politoloq Əli Orucov “İnformator.az”a bildirib ki, Azərbaycanla Ermənistan arasında keçmiş Dağlıq Qarabağ münaqişəsi dünyada ən uzunömürlü münaqişələrdən biri idi:
“Bu münaqişənin nizamlanması üçün vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu heç bir iş görə bilməyib və sülh prosesi dalana dirənib. Çünki həmsədr ölkələr olan Fransa, Rusiya, ABŞ faktiki olaraq işğalçını himayə edib. Beynəlxalq hüquq normalarının pozulmasına göz yumulub. Nəhayət, 2020-ci ildə növbəti erməni təxribatına cavab olaraq başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Haqsızlığa və ədalətsizliyə son qoyub. Ermənistan tam kapitulyasiya olunub. ABŞ Prezidenti D.Trampın Ermənistan Azərbaycan arasında müharibəni onun bitirməsi haqqında dedikləri şişirtmədir və reallıqlardan uzaqdır. Güclü Azərbaycan qarşısında duruş gətirə bilməyən Ermənistan zatən 10 noyabrda imzalanmış üçtərəfli bəyənat ağır məğlubiyyətini etiraf edib".
Həmçinin ekspert qeyd edib ki, Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması və sülh sazişi mətnində tam razılıq əldə edilib:
"Bütün bu uğurlar Prezident İlham Əliyev prinsipial, uzaqgörən və sistemli siyasətinin bəhrəsi idi. Azərbaycan 44 günlük müharibədən sonra yeni reallıqlar yaradıb və beynəlxalq aləm də bunu qəbul etmək məcburiyyətində idi. Ona görə də D.Trampın adına yazılacaq bu məsələdə heç nə yoxdur. Ancaq ötən ilin 8 avqustunda Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsini paraflaması gələcəkdə kənar güclərin mümkün müdaxilə və pozuculuq fəaliyyətini sığortalayıb. Dünyanın bir nömrəli gücü tərəfindən siyasi dəstək alıb. Sülh prosesinin bu mərhələyə gəlməsi məhz Azərbaycan liderinin təşəbbüsü və fəaliyyəti nəticəsində mümkün olub. Paşinyan anlayır ki, Ermənistanın xilası region dövlətləri ilə xüsusən də Azərbaycanla normallaşmadan asılıdır. Bakı və Ankara ilə konfrontasiya ağılsızlıq və uçurum deməkdir. Odur ki, İrəvan da əlaqələrin qurulmasına maraqlı görünür. Trampın Cənubi Qafqaza diqqətinin əhəmiyyətli dərəcədə artması təsadüfü deyil. Bu bir tərəfdən bölgənin geostrateji mövqeyi ilə bağlıdırsa, digər tərəfdən Azərbaycanla strateji əməkdaşlığın daha da möhkəmlənməsi ilə izah edilməlidir. İlham Əliyev Donald Tramp arasında səmimi və isti münasibətlərin yaranması imkan verir ki, bütünlükdə Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyi təminat altına alınsın. Aydındır ki, Tramp dəfələrlə İlham Əliyevə güclü lider deyə müraciət etməsinin köklü səbəbləri var və bu özünü praktik fəaliyyətdə də göstərir”.
Cavahir Əsgərbəyli
