00:00:00
Yazar
Admin User
24.11.2025 18:07 85 4 dəq oxuma
Sosial

Beynəlxalq proqramlar və xaricdə təhsil gənclərə nələr vəd edir?

Beynəlxalq proqramlar və xaricdə təhsil gənclərə nələr vəd edir?

Qloballaşan dünyada gənclərin öz bilik və bacarıqlarını beynəlxalq mühitdə inkişaf etdirməsi getdikcə daha vacib hala gəlir. Xaricdə təhsil və beynəlxalq mübadilə proqramları yalnız keyfiyyətli akademik bilik təqdim etmir, həm də yeni mədəniyyətlərlə tanış olmaq, dünya görüşünü genişləndirmək, yüksək rəqabətli iş bazarına hazırlaşmaq imkanı yaradır. Gənclər həm fərdi, həm akademik, həm də karyera inkişafı baxımından bu proqramlardan böyük gözləntilər daşıyırlar.

 

Mövzunu daha dərindən anlamaq üçün biz bir ekspert, bir tələbə və magistratura pilləsində təhsil alan bir gəncin fikirlərinə müraciət etdik.

 

Məsələ ilə bağlı təhsil eksperti, THİA sədri Əmrah Həsənli "İnformator.az" saytına açıqlamasında bildirib ki, xaricdə təhsil zamanı gənclər üçün əsas problem sistemli planlamanın və özünüidarə bacarığının zəifliyi olur:

 

"Xaricdə təhsil proqramları gənclərin karyerasına həm bilik, həm düşüncə tərzi, həm də şəbəkələşmə baxımından çoxşaxəli təsir göstərir. Xarici universitetlərdə təhsil alan gənclər yalnız konkret bir ixtisas üzrə bilik əldə etmir, eyni zamanda müasir dünyada dəyərli olan analitik düşünmə, tədqiqat aparma, qərarvermə və kompleks situasiyalara adaptasiya kimi bacarıqları da mənimsəyirlər. Bu, onları əmək bazarında daha çevik və rəqabətə davamlı edir.

Bundan əlavə, gənclər fərqli mədəniyyətlərlə təmasda olmaqla sosial çevikliyini artırır, komanda işində daha effektiv olur və qlobal iş mühitinə sürətlə uyğunlaşır. Xaricdə qurulan əlaqələr isə gələcəkdə həm akademik, həm də peşəkar layihələr üçün əvəzsiz platforma rolunu oynayır. Bir sözlə, xaricdə təhsil gənci yalnız bilik baxımından gücləndirmir, onu həm də qlobal düşünən, rəqabətçi və öz potensialını daha obyektiv tanıyan bir mütəxəssisə çevirir.

Beynəlxalq təhsil proqramlarına müraciət prosesi çoxmərhələli olduğu üçün gənclərin çətinlik yaşadığı nöqtələr də müxtəlifdir. Əvvəlcə düzgün istiqamətin seçilməsi problemə çevrilir — yəni gəncin marağı, bacarığı və gələcək karyera planı ilə uyğun ixtisas və ölkənin müəyyənləşdirilməsi. Bu mərhələdə bəzən emosional seçimlər və sosial təsirlər real ehtiyacları üstələyir, nəticədə müraciət yönü dəqiqləşmir.

Növbəti çətinlik sənədlərin düzgün hazırlanmasıdır. Xüsusən motivasiya məktubu və tövsiyə məktubları gəncin şəxsiyyətini və məqsədini göstərən ən kritik sənədlərdir. Lakin gənclər çox zaman bu mətnlərdə özlərini necə təqdim edəcəklərini, hansı baxış bucağını seçməli olduqlarını tam aydın ifadə edə bilmirlər.

Müsahibə mərhələsi də ciddi çətinlik yaradır. Çünki burada sadəcə biliyi deyil, gəncin davranış modeli, düşüncə çevikliyi və proqram üçün uyğunluğu qiymətləndirilir. Dil biliyi də ən çox qarşıya çıxan maneələrdəndir — tələb olunan səviyyəyə çatmaq bəzən uzun hazırlıq tələb edir. Ümumilikdə, gənclərin çətinlik çəkməsinin əsas səbəbi sistemli planlaşdırmanın olmaması və özünüidarəetmə bacarığının zəifliyidir.

Xaricdə təhsil almış gənclərin ölkəyə qayıdışı cəmiyyət üçün strateji əhəmiyyət daşıyır. Sosial tərəfdən bu gənclər ölkəyə yeni düşüncə tərzi, müasir həyat və iş mədəniyyəti gətirirlər. Onların çevik, innovativ və analitik yanaşmaları həm təhsil müəssisələrində, həm idarəetmədə, həm də biznes strukturlarında keyfiyyəti yüksəldir. Cəmiyyətdə davranış mədəniyyətinin dəyişməsi, daha məsuliyyətli və yaradıcı düşüncə tərzinin formalaşması məhz bu qrupun aktivliyi ilə mümkün olur.

İqtisadi təsirlər isə daha uzunmüddətlidir. Xaricdə təhsil görmüş mütəxəssislər ölkədə yüksək ixtisaslı işçi qüvvəsinin artmasına səbəb olur. Bu isə məhsuldarlığın yüksəlməsi, rəqabət qabiliyyətli istehsal və xidmət sahələrinin inkişafı, yeni layihə və innovasiyaların yaranması ilə nəticələnir. Qayıdan gənclər çox zaman yeni biznes ideyaları gətirir, beynəlxalq təcrübəni yerli şəraitə uyğunlaşdıraraq startap ekosistemini gücləndirirlər.

Daha önəmlisi, onların ölkəyə təşəbbüskarlıq ruhu gətirməsi dövlət idarəçiliyindən tutmuş sosial layihələrə qədər bir çox sahədə dinamika yaradır. Bu proses həm iqtisadi aktivliyi, həm də sosial məsuliyyət mədəniyyətini artırır. Nəticədə, ölkənin insan kapitalı güclənir və uzunmüddətli dayanıqlı inkişaf üçün əsas baza formalaşır".

 

Mövzu ilə bağlı xaricdə təhsil almağı planlaşdıran tələbə Nuranə Merdiyeva isə açıqlamasında bildirib ki, xaricdə təhsil akademik səviyyəni və karyera qurmaq imkanını artırır:

 

"Məni ən çox cəlb edən məqam fərqli ölkələrin təhsil mühitini, mədəniyyətini və düşüncə tərzini yaxından tanımaqdır. Beynəlxalq proqramlar həm akademik bilikləri genişləndirməyə, həm də qlobal baxış formalaşdırmağa imkan yaradır. Eyni zamanda, müxtəlif ölkələrdən olan tələbələrlə işləmək ünsiyyət bacarıqlarını və komandada işləmə təcrübəsini gücləndirir. Hazırda proqram tələblərini araşdırıram, dil imtahanlarına hazırlaşıram və motivasiya məktubu üzərində işləyirəm. Əsas çətinliklər zamanın düzgün idarə edilməsi, maliyyə məsələləri və sənədləşmə prosesinin mürəkkəbliyidir. Bəzən də proqramlar arasında seçim etmək çətin olur. Xaricdə təhsil mənim üçün həm müstəqillik, həm də özünüinkişaf baxımından çox vacibdir. Yeni mühitdə yaşamaq adaptasiya və problem həll etmə bacarıqlarını gücləndirir. Eyni zamanda, akademik səviyyədə daha geniş imkanlar əldə etmək və gələcək karyerada rəqabət qabiliyyətini artırmaq üçün əhəmiyyətlidir".

 

Magistratura tələbəsi Ayşə Eyvazlı isə açıqlamasında bildirib ki, xaricdə təhsil magistr tələbəsinin elmi potensialını əhəmiyyətli dərəcədə artırır:

 

"Magistr təhsili dövründə beynəlxalq proqramların mənə təqdim etdiyi ən böyük üstünlüklərdən biri geniş akademik resurslara çıxış, müxtəlif ölkələrdən olan tədqiqatçılarla əməkdaşlıq imkanı və daha innovativ yanaşmalarla tanış olmaqdır. Xaricdə qazandığım akademik və sosial təcrübəni ölkəyə qayıtdıqdan sonra həm peşəkar fəaliyyətimdə, həm də tədqiqat işlərimdə tətbiq etməyi planlaşdırıram — xüsusilə də daha sistemli iş prinsiplərini, multikultural mühitdə ünsiyyət bacarıqlarını və yeni metodoloji yanaşmaları yerli şəraitə uyğunlaşdırmaq istəyirəm. Xarici təhsilin tədqiqat imkanlarına təsiri isə çox böyükdür: daha müasir laboratoriyalar, açıq elmi mühit, beynəlxalq layihələrə qoşulmaq imkanı və yüksək akademik standartlar elmi fəaliyyətin daha məhsuldar olmasına şərait yaradır və magistr tələbəsinin elmi potensialını əhəmiyyətli dərəcədə artırır".

 

Ayisə Şərifova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər