“Beynəlxaq Daşımalar zamani Sərhəd Keçidinin Asanlaşdırılması üzrə Milli Seminar” keçirilib
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Regional Tədris Mərkəzində “Beynəlxaq Daşımalar zamani Sərhəd Keçidinin Asanlaşdırılması üzrə Milli Seminar” keçirilib.
Komitədən verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə BMT-nin Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) birgə təşkil etdiyi seminarda Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının nümayəndələri də iştirak edib.
Seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Beynəlxalq Daşımalar zamanı sərhəd keçid prosedurlarının asanlaşdırılması məqsədilə tətbiq edilən qanunvericilik bazası, “bir pəncərə” prinsipinin tətbiqinin bu istiqamətdə ümumi işə faydası, əməkdaşların potensialının artırılması və məlumatlandırılması, digər dövlət qurumları ilə bu sahədə əməkdaşlıq məsələləri barədə məlumat verib.
Daha sonra seminar öz işinə başlayıb. Əvvəl “Azərbaycanda sərhəd-keçidinin və tranzit nəqliyyatının hazırkı vəziyyəti”, “Beynəlxalq daşımalarda özəl sektorun rolu” mövzularında yerli mütəxəssislər seminar iştirakçılarını məlumatlandırıb. Daha sonra isə BMT-nin Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının iqtisadi məsələlər üzrə mütəxəssisi Sandeep Raj Jain , Beynəlxalq logistika üzrə ekspert John Quamby “Beynəlxalq avtomobil daşımaları zamanı qeyri-fiziki maneələrin aradan qaldırılmasında qoşqular/konteynerlərin rolu- Böyük Mekong Subregionunun təcrübəsi”, “ Nəqliyyatın asanlaşdırılması üzrə 4 modelin təqdimatı və təklif olunan addımlar”, “Beynəlxalq dəmiryolu daşımalarının asanlaşdırılması üzrə ESCAP Regional Əməkdaşlıq Çərçivəsi (7/17 nömrəli qətnamə) və beynəlxalq avtomobil daşımalarının sadələşdirilməsi üçün ESCAP Regional Strateji Çərçivəsi”, “daşımaların asanlaşdırılması üzrə subregional sazişlər” mövzularında çıxışlar edib.
