Bəhruz Əzimov: Tələbə kreditlərinə 64 milyon manatdan çox xərclənib
Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbirində deyib.
O bildirib ki, vəsaitlərin təxminən 39 milyon manatdan çoxu standart, 25 milyon manatdan artıq hissəsi isə sosial təhsil tələbə kreditlərinin payına düşüb.
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, bu gün Təhsil Tələbə Krediti Fondunun rəhbərliyi həm mətbuat, həm də qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün geniş tərkibdə hesabat xarakterli tədbir keçirib:
“Tədbirdə bir neçə istiqamət üzrə mühüm fikirlər səsləndirilib. Artıq açıqlanan məlumatlara görə, hansı universitetlər üzrə nə qədər kredit verildiyi, tələbələrin sayı və digər göstəricilər ictimaiyyətə təqdim olunub. Bu, müsbət haldır. Lakin kreditdən yararlanmaq istəyən şəxslərin əsas sualları tədbirdə cavabsız qalıb. Əsas problemlərdən biri odur ki, ümumi ehtiyac səbəbilə müraciət edən şəxslər üçün ilkin müraciət zamanı sessiya üzrə orta balın 71-dən yuxarı olması tələb edilir. Bu isə bir çox ehtiyacı olan tələbənin sistemdən kənarda qalmasına səbəb olur. Digər mühüm məsələ isə qız tələbələrə üstünlük verilməsi ilə bağlıdır. Bunun səbəbi kimi belə bir ehtimal irəli sürmək olar ki, oğlan tələbələrin hərbi xidmətə getməsi kreditlərin geri qaytarılması baxımından risk kimi qiymətləndirilir. Yəni bir il hərbi xidmətdə olacaqları üçün kreditin ödənişində gecikmə ehtimalı yaranır və bu da fond üçün maliyyə riski hesab olunur. Bu səbəbdən də kreditlərin daha çox qız tələbələrə verildiyi müşahidə olunur. Hesabat göstəricilərində də qızların üstünlük təşkil etməsi bunu təsdiqləyir. Bu baxımdan demək olar ki, Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti müəyyən islahatlara ehtiyac duyur ki, sistem daha ədalətli və inklüziv şəkildə işləsin”.
Səadət Əlizadə
