Bipolyar pozuntu
Bipolyar pozuntu-insanın emosional vəziyyətinin mani (yüksək enerji, həddindən artıq əhval-ruhiyyə) və depressiv (dərin kədər və ümidsizlik) dövrlər arasında sürətlə dəyişdiyi psixoloji bir xəstəlikdir. Bu vəziyyət həm şəxsin gündəlik fəaliyyətinə, həm iş və sosial həyatına, həm də yaxın münasibətlərinə ciddi təsir göstərə bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, bipolyar pozuntu insanın əhval-ruhiyyəsinin ifrat yüksəldiyi mani dövrləri ilə dərin eniş yaşadığı depressiv dövrlər arasında dəyişdiyi psixoloji pozuntudur:
“Mani mərhələsində insan özünü həddindən artıq enerjili, güclü və dayanmadan danışan hiss edə bilər, riskli qərarlar verə və yuxuya ehtiyac duymaya bilər. Depressiv dövrdə isə əksinə, dərin kədər, ümidsizlik, yorğunluq, maraq itkisi və bəzən yaşama həvəsinin azalması müşahidə olunur. Bu dəyişikliklər insanın işinə, münasibətlərinə və gündəlik funksionallığına ciddi təsir edir. Stress və travmalar bipolyar pozuntunun ortaya çıxmasında və ya aktivləşməsində mühüm rol oynaya bilər. Genetik meyl əsas faktor olsa da, uzunmüddətli stress, uşaqlıq travmaları, emosional itkilər və ciddi həyat hadisələri epizodları tetikləyə bilər. Xüsusilə nəzarətsiz stress əhval dəyişikliklərinin daha tez-tez və şiddətli yaşanmasına səbəb olur. Bipolyar pozuntunun idarə olunmasında mütəmadi psixiatrik və psixoloji dəstək əsasdır. Dərman müalicəsi ilə yanaşı gündəlik həyat ritminin qorunması, yuxu rejiminin stabilliyi, stressin azaldılması və emosiyaların izlənməsi vacibdir. İnsan öz əlamətlərini tanıdıqca erkən müdaxilə edə bilir. Ailə və yaxın mühitin məlumatlı və anlayışlı olması da bu prosesdə böyük rol oynayır”.
Banuçiçək Məmmədova
