00:00:00
Yazar
Admin User
26.11.2025 17:37 113 2 dəq oxuma
Sosial

“Bir aya möcüzə” aldadıcıdır:

“Bir aya möcüzə” aldadıcıdır:

Sosial şəbəkələrdə “1 aya arıqladacağam” kimi vədlər insanların tez nəticə istəyinə görə populyardır. Lakin tibbi baxımdan bu iddialar çox vaxt real deyil və təqdim olunan üsullar sağlamlığa zərər verə bilər.

 

Mövzu ilə əlaqədar “İnformator.az” həm dietoloq həm də marketoloq fikirlərini öyrənib.

 

Terapevt-dietoloq Toğrul Xəlilov bildirib:

 

“Sosial şəbəkələrdə “bir aya arıqlayacağam” kimi qrupların populyarlaşmasının əsas səbəbi insanların sürətli nəticə əldə etmək istəyidir. Çəki problemi yaşayan şəxslər uzun prosesi gözləməkdə səbrsiz olur, qısa müddətdə dəyişiklik görməyə meyilli olurlar. Tibbi baxımdan bir ayda böyük miqdarda çəki itirilməsi həm real deyil, həm də sağlam hesab olunmur. Normalda bir şəxs bilməlidir ki, təhlükəsiz çəki itkisi həftədə 0,5-1 kq aralığındadır. Bundan artıq çəki vermək isə ya əzələ itkisidir, ya da hormonal mübadilənin pozulmasına səbəb olur və nəticə etibarilə neqativlər daha çox olur. Belə qrupların təşviq etdiyi detokslar, dərmanlar və hormonlar orqanizmdə ciddi fəsadlar yarada bilər. Ürək ritminin pozulması, qaraciyər və böyrək zədələnməsi, elektrolit balansının pozulması, psixoloji asılılıq, hətta həyati təhlükəli vəziyyətlərə gətirib çıxara bilər. Yekun olaraq onu qeyd edim ki, sürətli arıqlama vədləri real deyil və təhlükəlidir. Tibbi nəzarətsiz heç bir məhsuldan istifadə etmək olmaz”.

 

Marketoloq Nicat Hacızadə bildirib:

 

“Sosial şəbəkələrdə “1 aya arıqladacağam” kimi qısa müddətli vədlərlə populyarlaşan qrupların marketinqi əsasən insanların psixologiyasına yönələn strategiyalara dayanır. Bu strategiyanın nüvəsində “tez nəticə” istəyindən istifadə etmək dayanır. Qısa zamanda böyük dəyişiklik vədi insan beyninə dərhal cazibədar gəlir və bu, həmin qrupların çağırışlara reaksiya verməsinə səbəb olur. Bu strategiyanın ən güclü elementlərindən biri isə “öncə-sonra” vizuallarıdır. Çünki vizual görüntü insan beynində “bu mümkündür” mesajını saniyələr içində yaradır. Artıq çəki problemi yaşayan şəxslər özlərini həmin şəkillərlə müqayisə edir və “onun bacardığını mən də edə bilərəm” düşüncəsi istəyini gücləndirir. Halbuki bu fotoların böyük hissəsi işıqlandırma, poz və ya redaktə ilə manipulyasiya edilən ola bilər. Lakin tibbi baxımdan qısa zamanda ciddi çəki itkisi əldə etmək real və sağlam deyil. Bədən çəkisinin sürətli azalması çox vaxt yağ itkisindən yox, su itkisi və əzələ itkisindən ibarətdir. Bu isə metabolizmanın yavaşlamasına, hormonal disbalansa, ürək-damar sisteminə yük düşməsinə və həzm problemlərinin yaranmasına səbəb ola bilər. Həmçinin belə “şok pəhrizlər” immunitetin zəifləməsi, elektrolit pozğunluqları və psixoloji gərginlik riskini artırır. Tibbi cəhətdən sağlam arıqlama yalnız həkim nəzarəti, laborator analizlərə əsaslanan fərdi proqram, düzgün qidalanma, məşq və davranış dəyişiklikləri ilə mümkündür. Sürətli nəticə vədləri qısamüddətli olsa belə, uzunmüddətli sağlamlıq problemlərinə gətirib çıxara bilər”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər