00:00:00
Yazar
Admin User
13.01.2026 15:13 77 2 dəq oxuma
Sosial

"Bir gün telefondan istifadə etməmək"marafonu

"Bir gün telefondan istifadə etməmək"marafonu

Son dövrlər gənclər arasında “rəqəmsal fasilə” anlayışı aktuallaşıb. Bu təşəbbüs çərçivəsində bəzi gənclər bir gün ərzində mobil telefondan, sosial şəbəkələrdən və mesajlaşma tətbiqlərindən istifadə etməməyə çalışır. Məqsəd telefon asılılığının gündəlik həyata, diqqətə və psixoloji vəziyyətə təsirini müşahidə etməkdir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Klinik psixoloq Gülşən Rüstəmova bildirib ki, son zamanlarda dəb halını alan bu marafonlar, məsələn, "bir gün telefondan istifadə etməmək" kimi təşəbbüslər bizim həyatımızda çox da böyük rol oynamır:

 

 "Amma düşüncə baxımından bəlkə də, müəyyən dəyişikliklərə təkan verə bilər. Belə tədbirlərin keçirilməsi, ən azı, zehnimizdə alternativ bir yolun mövcud olduğunu xatırlatma funksiyası daşıyır. Lakin bu cür marafonların uzunmüddətli və davamlı təsir yaradacağını düşünmək bir qədər yanlışdır. Bir gün telefondan imtina etməklə biz real mənada telefon və ya sosial şəbəkə asılılığının öhdəsindən gələ bilmərik. Əksinə, bu asılılıqları həyatımızın bir parçası kimi qəbul edib, onlara adekvat yanaşma formalaşdırmaq daha faydalı olar. Məsələn, düşünək ki, işimizin neçə faizi rəqəmsal platformalarla bağlıdır? Əgər nəticə yönümlü işləmək istəyiriksə, bu asılılığı dəyərləndirib bir plan hazırlamalıyıq. Özümüzə belə bir cədvəl yarada bilərik ki, günün neçə faizini rəqəmsal dünyada keçirməliyik və nə qədərini ondan uzaq qalmalıyıq? Çünki insan beyni nəyinsə ona qadağan edildiyini hiss etdikdə, əksinə, ona daha çox meyl göstərir. Buna görə də qadağa deyil, balans yaratmaq əsas hədəf olmalıdır".

 

Mövzu ilə bağlı danışan Milli Aviasiya Akademiyasının tələbəsi Zəka Yusifov isə bildirib ki, telefonsuz bir günün dərs oxuma vərdişimə ciddi təsiri olmayıb:

 

"Mən tələbəyəm, amma hazırda aktiv şəkildə dərs oxuyan biri deyiləm. Bunun səbəbini isə məsuliyyətsizlik, motivasiya çatışmazlığı və ya psixoloji problem kimi görmürəm. Bu hallar mənə aid deyil. Mənə görə, dərs oxumaq insanın daxili istəyindən asılıdır. Oxumaq istəyən şəxs istənilən şəraitdə telefonlu və ya telefonsuz buna zaman tapa bilir. Əksinə, oxumaq istəməyən insan üçün ən ideal şərait belə kifayət etmir. Yəni məsələ nə telefonda, nə sosial şəbəkələrdə, nə də xarici təsirlərdədir hər şey insanın öz iradəsində və seçimində bitir. Bu səbəbdən telefonsuz qalmaq məndə nə stress, nə daxili təzyiq, nə də vicdan əzabı yaradır. Dərs oxumamağımı problem kimi qəbul etmirəm. Sadəcə olaraq, hazırda istəmirəm və bu, mənim şüurlu seçimimdir".

 

 Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər