Bir sıra yollarda sürət həddi endirilib, “sürüşkən yol” işarəsi aktivləşdirilib
Bakıda şaxtalı hava şəraiti ilə əlaqədar bir sıra əsas magistral yollarda sürət həddi endirilib. Məlumat-sürət tablolarında isə “sürüşkən yol” işarəsi aktivləşdirilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri müəyyən edilmiş sürət hədlərinə ciddi şəkildə əməl etməyə çağırır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu, olduqca effektiv metoddur və daim olaraq tətbiq edilir:
"Belə xəbərdaredici məlumatların mövcudluğu sürücülərin işini xeyli yüngülləşdirir. Sürücülər yol hərəkətini əsasən yol nişanları, yol nişanlanmaları və xəbərdaredici işarələrə əsaslanaraq həyata keçirirlər. Buna görə də bu cür məlumatların verilməsi olduqca faydalıdır. Sürücülərin yol hərəkəti təhlükəsizliyinə riayət etməsinə, daha təhlükəsiz davranmasına şərait yaradır. Adətən sürücülər şaxtalı və ya yağışlı havalarda da normal hava şəraitində olduğu kimi avtomobil idarə edirlər. Halbuki bu, düzgün yanaşma deyil. Şaxtalı hava şəraitində və yol sürüşkən olduqda ara məsafəsi mütləq artırılmalı, manevr qaydaları daha diqqətlə yerinə yetirilməlir. Ötmə zamanı ehtiyatlı davranılmalı və işıq cihazlarından düzgün, effektiv istifadə olunmalıdır. Yəni belə hava şəraitində avtomobil adi qaydada deyil, daha diqqətli və ehtiyatlı şəkildə idarə edilməlidir".
Reyhan Quliyeva
