Bir əsrlik radio tariximizə akademik töhfə
Bakı Dövlət Universitetində radio təhsilinə yeni nəfəs gətirən “Radio jurnalistikası” dərsliyi artıq işıq üzü görüb. Azərbaycan radiosunun yaxınlaşan 100 illiyinə ithaf olunan bu kitab həm ənənəvi radio məktəbinin mirasını yaşadır, həm də müasir media çağının tələblərinə uyğun yenilikçi yanaşmalar təqdim edir.
Dərsliyin müəlliflərindən biri Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova “İnformator.az”a açıqlamasında bildirib ki, bu işi ərsəyə gətirmək həm böyük məsuliyyət, həm də peşəkar ənənələrin davamı kimi qiymətləndirilir. Onun sözlərinə görə, kitab radio təhsilinin formalaşmasında mühüm rolu olan Yalçın Əlizadə və Qulu Məhərrəmli kimi ustadların yolunun davamı olaraq hazırlanıb:
“Ustadımız Yalçın Əlizadə və Qulu Məhərrəmlidən sonra radio jurnalistikası dərsliyini yazmaq böyük bir məsuliyyətdir. Biz hər iki müəllimin tələbələri olaraq bu işi davam etdirməyə çalışdıq və bunu bacardıq”, - deyə o qeyd edib.
Aynur Nəsirovanın sözlərinə görə, dərslik tam yeni formatda və yenilənən tərtibatla hazırlanaraq tələbələrin istifadəsinə verilib. Kitab həm radionun tarixi aspektlərini özündə əks etdirir, həm də müasir yanaşmalar təqdim edir:
“Artıq tələbələrə veriliş tapmağı demirik, kitabda nümunə verilişlərin QR kodları yerləşdirilib, tələbələr həmin kodu oxudaraq verilişləri dərhal dinləyə bilirlər. Bu, dərslikdə tətbiq etdiyimiz əsas yeniliklərdən biridir. Nümunə kimi verilən radio proqramlarının arxivdə itməsi ehtimalı nəzərə alınaraq, onlar xüsusi “Radio Jurnalistikası” adlı YouTube kanalında yerləşdirilib. Əgər hansısa veriliş başqa platformalardan silinsə belə, bizim YouTube kanalımızda qalacaq və tələbələr üçün həmişə əlçatan olacaq”.
Dərsliyin daha bir xüsusiyyəti isə praktik radio mütəxəssislərinin real təcrübələrinə geniş yer ayrılmasıdır. Kitabda “Təcrübəsini bölüşənlər” bölməsi üzrə radionun tanınan peşəkarları öz iş prosesləri və illərin təcrübəsi barədə danışırlar:
“Biz tələbələr üçün nəzəriyyə ilə praktikanın vəhdətini yaratdıq. Artıq tələbə deyə bilməz ki, nəzəriyyəni oxudum, amma praktikanı tapa bilmədim. Bütün bu təcrübələr və nümunələr dərslikdə əksini tapıb”, - deyə müəllif vurğulayıb.
Kitabın müəlliflərindən biri, Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, dərslik Azərbaycan radiosunun qarşıdan gələn 100 illiyinə ithaf olunub. Onun sözlərinə görə, bu kitab gələn il 100 yaşı tamam olacaq Azərbaycan radiosuna töhfədir:
“Biz qərara aldıq ki, Azərbaycan radiosunun 100-cü ilinə töhfə olaraq ‘Radio jurnalistikası’ dərsliyimizi dərc edək və tələbələrin ixtiyarına verək. Dərsliyimiz artıq çap olunub və istifadəyə verilib. Yeni dərsliyin əsas özəlliklərindən biri internet və yeni medianın radioya gətirdiyi imkanların detallı şəkildə izah olunmasıdır. Elə bir fikir ola bilər ki, ənənəvi media artıq köhnəlir və auditoriya üçün əvvəlki qədər maraqlı deyil. Amma bu, belə deyil. Radio ənənəvi media olsa da, yeni medianın xüsusiyyətlərini özündə birləşdirir və onlayn platformalara çıxaraq auditoriyanın könlünə yeni yol tapır. Dərslikdə həmçinin tələbələrin hazırlığına yönələn müxtəlif suallar və tapşırıqlar da yer alıb. Bu tapşırıqları yerinə yetirməklə tələbələrin radio jurnalisti kimi yetişməsində dərsliyin ciddi fayda verəcəyinə inanıram”.
Nəzəri biliklə praktiki təcrübəni bir araya gətirən bu nəşr, radio sahəsinə maraq göstərən tələbələrin peşəkar formalaşmasına mühüm töhfə verməyə hazırdır.
Ayan Sədi
