00:00:00
Yazar
Səadət Əlizadə
24.11.2026 21:27 31 3 dəq oxuma
Dünya

Türkiyə COP31-in təşkilində Azərbaycanın COP29 təcrübəsindən yararlanıb

Türkiyə COP31-in təşkilində Azərbaycanın COP29 təcrübəsindən yararlanıb

 Türkiyə Banklar Assosiasiyasının baş katibi Nurullah Bakır bildirib ki, COP31-ə hazırlıq zamanı azərbaycanlı həmkarları ilə görüşərək COP29-un təşkilatçılıq təcrübəsini öyrəniblər. COP31 çərçivəsində panellər və Maliyyə və Ticarət Günü keçirilib. Bakır bank sektorunda ekoloji və sosial məsuliyyətin artırılmasının vacibliyini vurğulayıb.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Azər Allahverənov bildirib ki, Azərbaycanda COP29 yüksək səviyyədə təşkil olunub və bu, beynəlxalq rəylərdə də öz təsdiqini tapıb:

 

 


“COP29 bir neçə baxımdan əhəmiyyətli tədbir olub. İqlim gündəliyində iştirak edən beynəlxalq təşkilatların bir araya gəlməsi, maliyyə məsələlərinin müzakirəsi və 300 milyard dollar həcmində vəsaitin ayrılması ilə bağlı qərarın qəbul edilməsi mühüm nəticələrdəndir. Həmçinin inkişaf etməkdə olan ölkələrin iqlim maliyyələşməsinə çıxışını genişləndirəcək yeni kollektiv kəmiyyət hədəfinin qəbul olunması da əhəmiyyətli idi. Azərbaycanın iqlim diplomatiyasında vasitəçi rolunu oynaması və mühüm sənədlərin qəbuluna töhfə verməsi COP29-dan sonrakı proseslər üçün yol xəritəsinin müəyyənləşməsinə imkan yaradıb. Bu təcrübənin Türkiyədən öyrənilməsi də vacibdir. Eyni yanaşmanı COP30-da da gördük”.



Müsahibin sözlərinə görə, Braziliyadan olan təşkilat komitəsinin üzvləri də hazırlıq prosesində Azərbaycan təcrübəsini öyrənmək üçün ölkəyə səfərlər ediblər:

 

“COP31-in Türkiyədə keçirilməsi Azərbaycanla təcrübə mübadiləsi üçün əlavə imkanlar yaradır. İki ölkə arasındakı sıx münasibətlər bu əməkdaşlığı daha da gücləndirir. Azərbaycanın COP29-da qəbul etdiyi qərarların COP31-də tətbiqi və inteqrasiyası baxımından təcrübə mübadiləsi əhəmiyyətlidir. COP31 çərçivəsində bankların, beynəlxalq maliyyə institutlarının və özəl investorların iqlim gündəliyində rolunun artırılması, bərpa olunan enerji, su ehtiyatlarının qorunması, aşağı karbonlu sənaye və dövri iqtisadiyyat layihələrinin maliyyələşdirilməsi əsas müzakirə mövzuları olub”.


Deputat qeyd edib ki, tədbir çərçivəsində 7 sessiya təşkil olunub və 34 yerli və xarici ekspert iştirak edib:

 

“Sessiyalarda yaşıl sənayeləşmə, enerji transformasiyası, keçid maliyyələşməsi və mavi iqtisadiyyat məsələləri müzakirə olunub. COP kimi beynəlxalq tədbirlər yalnız siyasi bəyanatların səsləndirildiyi platforma deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya mexanizmlərinin formalaşdırıldığı məkandır. Bank sektorunun iqlim dəyişiklikləri ilə mübarizəyə qoşulması maliyyə resurslarının iqtisadiyyatın gələcək inkişafına uyğun istiqamətləndirilməsi deməkdir. Artıq banklar layihələrin gəlirliliyi ilə yanaşı, ekoloji təsirini, karbon emissiyasını, enerji səmərəliliyini və sosial məsuliyyətini də nəzərə alırlar. Bu, yaşıl investisiyaların artırılması, günəş və külək enerjisi, enerji saxlanc sistemləri və elektrik şəbəkələrinin modernləşdirilməsi üçün yeni imkanlar yaradır. Eyni zamanda, qeyri-neft sektorunun və kiçik, orta sahibkarlığın inkişafına da stimul verir. Azərbaycanda, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji, ağıllı şəhər və kəndlər, ekoloji təmiz nəqliyyat və su ehtiyatlarından səmərəli istifadə istiqamətləri bu maliyyə mexanizmləri üçün geniş perspektivlər açır”.

 


Müsahib bildirib ki, bank sektorunun fəal iştirakı iqlim siyasətinin uğurla həyata keçirilməsinə şərait yarada bilər. Onun sözlərinə görə, yaşıl enerji layihələrinin bankların maliyyələşdirilməsi bu sahədə mühüm nəticələrə gətirib çıxara bilər:

 

“Beynəlxalq iqlim tədbirlərinin nəticələri maliyyə, ekoloji, iqtisadi, sosial və hesabatlılıq göstəriciləri ilə ölçülməlidir. COP29-da qəbul edilən ‘Baku Finance Goal’ sənədi də real icra mexanizmlərini nəzərdə tutur. COP31 ərəfəsində aparılan müzakirələrdə investisiya layihələrinin hazırlanması, özəl kapitalın səfərbər edilməsi, risklərin bölüşdürülməsi və hesabatlılıq əsas prinsiplər kimi müəyyənləşdirilib.
Azərbaycanın COP29 təcrübəsi yalnız COP30 və COP31 üçün deyil, gələcək beynəlxalq iqlim tədbirləri üçün də əhəmiyyətlidir. COP29-da qəbul edilən qərarların sonrakı mərhələdə icrası əsas məsələdir. Bu prosesdə bank sektorunun və investisiyaların fəal iştirakı qərarların effektivliyini təmin edən mühüm amillərdəndir”.

 


Aysu Abbasova

#baki #gündəm #cop29 #yararlanıb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər