00:00:00
Yazar
Güllər Gülhüseynova
03.09.2026 22:50 55 2 dəq oxuma
Siyasət

Bişkek görüşü: Azərbaycan-Ermənistan sülh prosesi və regional əməkdaşlıq gündəmdə

Bişkek görüşü: Azərbaycan-Ermənistan sülh prosesi və regional əməkdaşlıq gündəmdə

Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş, eləcə də ŞƏT çərçivəsində keçirilən təmaslar fonunda sülh prosesi, regional əməkdaşlıq, Azərbaycan-Qırğızıstan münasibətləri və nəqliyyat bağlantıları əsas mövzular sırasında olub. 

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında ŞƏT sammiti çərçivəsində görüşün keçirilməsi tamamilə normaldır:

 

“Bu platforma həm də tərəflərin görüşməsi üçün bir fürsətdir. Eyni zamanda, siyasi mesajların verilməsi baxımından da mühüm imkandır. Azərbaycan və Ermənistan burada görüşməklə həm dünyaya, həm sammitdə iştirak edən dövlətlərə, həm də regionda marağı olan digər ölkələrə mesaj verirlər ki, biz əməkdaşlığın dərinləşməsində maraqlıyıq və bununla bağlı konkret addımlar atmağa hazırıq. Üstəlik, bu görüşün və verilən mesajların Qırğızıstanın paytaxtı Bişkekdə səsləndirilməsinin simvolik tərəfi də var. Bu, Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin açılmasına və Qırğızıstanın da bu marşrutdan istifadə etməklə Avropaya çıxış imkanlarının genişlənməsinə dəstəkdir. Təbii ki, Qırğızıstan da maraqlıdır ki, Orta Dəhliz işləsin, Zəngəzur dəhlizi açılsın və bu yol vasitəsilə Avropaya və Türkiyəyə rahat çıxış əldə etsin, ticarət və iqtisadi əlaqələrini inkişaf etdirsin. Sülh məsələsinə gəlincə, əsas məsələ Ermənistanın qərar qəbul etməsindən asılıdır. Ermənistan referendum keçirərək konstitusiyaya dəyişiklik etməlidir ki, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları aradan qaldırılsın və bundan sonra sülh prosesinin qarşısında maneə qalmasın”.

 

Politoloq həmçinin bunu da qeyd edib ki, Ermənistan referendumu keçirib yeni konstitusiyanı qəbul etməli və Azərbaycan tərəfinin irəli sürdüyü şərtləri reallaşdırmalıdırlar ki, məsələ məntiqi sonluğuna çatsın:

 

“Ümumiyyətlə, Azərbaycan və Türkiyə arasında, həmçinin Qırğızıstanla nəqliyyat-logistika əlaqələrinin yaranması və genişlənməsi, əlbəttə ki, regionun geosiyasi əhəmiyyətini artırır. Eyni zamanda, bu, bölgə üçün bir növ təhlükəsizlik çətiri rolunu oynayır. Çünki ticarət yollarının inkişafı həm də təhlükəsizliyin təmin olunmasına xidmət edir. Bu, həm ölkələr arasında əməkdaşlığın inkişafı, həm də Türkiyə üzərindən Azərbaycanın Çinlə, Azərbaycanın üzərindən isə Türkiyənin Avropa və Qərblə nəqliyyat əlaqələrinin güclənməsi, ticarət münasibətlərinin dərinləşməsi baxımından yeni imkanlar yaradır. Odur ki, bu prosesin reallaşması regionun özünü də mühüm geosiyasi faktora çevirir. Nə qədər ki, Mərkəzi Asiya müəyyən mənada sıxışmış vəziyyətdə idi, indi bu marşrutun fəaliyyətə başlaması regionun özünü müstəqil oyunçuya və mühüm geosiyasi faktora çevirir. Əlbəttə, burada Türk dünyasının da müəyyən mənada güclənməsi prosesi baş verir. Türk dünyasının inteqrasiyası istiqamətində proses gedir. Azərbaycan və Türkiyə isə əslində bu prosesdə siyasi və iqtisadi lokomotiv kimi çıxış edirlər”.

 

Güllər Gülhüseynova

#baki #xəbər #yeni #görüşü:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər