Bişkek görüşündə TRIPP müzakirəsi – Azərbaycan və Ermənistan arasında yeni mərhələ
Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkek görüşündə TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımları müzakirə etməsi Azərbaycan-Ermənistan münasibətlərində diqqətin artıq yalnız sülhün siyasi prinsiplərinə deyil, əldə olunan razılaşmaların iqtisadi və nəqliyyat müstəvisində reallaşdırılmasına yönəldiyini göstərir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirir ki, TRIPP layihəsi sülh prosesinin nəticəsi olmaqla yanaşı, əldə olunacaq sülhün dayanıqlığını təmin edə biləcək mühüm vasitələrdən birinə çevrilə bilər.
Politoloqun sözlərinə görə, layihənin əsas əhəmiyyəti Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında etibarlı nəqliyyat bağlantısının yaradılması ilə yanaşı, TRIPP-in daha geniş regional nəqliyyat şəbəkəsinə inteqrasiya imkanları ilə bağlıdır.
“TRIPP-i yalnız Naxçıvanla əlaqəni təmin edən lokal marşrut kimi qiymətləndirmək düzgün olmazdı. Ermənistan ərazisindən keçən bu bağlantının Transxəzər ticarət marşrutuna qoşulması Mərkəzi Asiya ilə Azərbaycan, Türkiyə və Avropa arasında yük axınlarının genişlənməsinə imkan yarada bilər. Bu isə Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişməklə yanaşı, region ölkələrinin iqtisadi maraqlarının bir-birinə daha sıx bağlanmasına şərait yaradacaq”.
Ekspertin fikrincə, TRIPP-in reallaşması Ermənistan üçün də iqtisadi baxımdan yeni imkanlar yarada bilər. Tranzit gəlirləri, investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması və regional ticarətin genişlənməsi Ermənistanın da layihədən faydalanmasına imkan verə bilər.
Rəşad Bayramov hesab edir ki, TRIPP Zəngəzur dəhlizi ətrafında uzun müddət davam edən mübahisələrə də yeni yanaşmanın formalaşmasına səbəb ola bilər.
“Əvvəlki müzakirələrdə əsas diqqət marşrutun siyasi statusuna yönəlirdisə, hazırda daha çox onun necə işləyəcəyi, hansı idarəetmə və gömrük mexanizmlərinin tətbiq olunacağı məsələləri ön plana çıxır. Burada Ermənistanın suverenliyinin və yurisdiksiyasının qorunması ilə Azərbaycan istiqamətində maneəsiz və səmərəli bağlantının təmin edilməsi prinsiplərinin praktiki şəkildə uzlaşdırılması həlledici əhəmiyyət daşıyır”.
Politoloqun sözlərinə görə, TRIPP layihəsində digər regional və qlobal aktorların maraqları da nəzərə alınmalıdır. Türkiyə üçün bu xətt Mərkəzi Asiyaya uzanan nəqliyyat imkanlarını genişləndirir, Azərbaycan üçün Naxçıvanla bağlantını və Transxəzər marşrutundakı mövqeyini gücləndirir, Ermənistan üçün isə regional iqtisadi sistemə daha fəal inteqrasiya imkanı yaradır.
Ekspert hesab edir ki, ABŞ--nin prosesdə iştirakı layihəyə əlavə siyasi və maliyyə imkanları qazandıra bilər. Rusiya və İranın ilkin mövqelərindən asılı olmayaraq, uzunmüddətli perspektivdə onların da TRIPP-in yaratdığı nəqliyyat və iqtisadi imkanlardan yararlanmaq ehtimalı mövcuddur.
Rəşad Bayramovun fikrincə, Bişkekdə TRIPP üzrə praktiki məsələlərin müzakirə olunması Azərbaycan-Ermənistan sülh prosesində yeni mərhələnin formalaşdığını göstərir. Bu mərhələdə əsas diqqət əldə edilmiş siyasi razılaşmaların konkret iqtisadi, nəqliyyat və institusional mexanizmlər vasitəsilə həyata keçirilməsinə yönəlir.
Süsən Mərdalıqızı