Blogerlik və jurnalistika arasındakı fərq
Rəqəmsal platformaların yayılması ilə informasiya mənbələri artıb və blogerlər ictimai rəyə təsir edən əsas fiqurlardan birinə çevrilib. Jurnalistika peşə etikası və məsuliyyət prinsiplərinə əsaslansa da, blogerlik daha sərbəst yanaşma üzərində qurulur. Bu fərqlər xəbərə olan etimadı da dəyişir.
Mövzu ilə bağlı jurnalist Gözəl Mayılova "İnformator.az" saytına açıqlamasında bildirib ki, blogerlik jurnalistikaya təsir edən amillərdəndir:
"Blogerlərin və sosial medianın sürətlə inkişaf etdiyi dövrdə jurnalistikanın gələcəyi tez-tez müzakirə mövzusuna çevrilir. Bir çoxları blogerlərin jurnalistləri əvəz edə biləcəyini düşünsə də, bu iki fəaliyyət sahəsi arasında ciddi fərqlər mövcuddur. Blogerlər daha sərbəst, şəxsi baxışlara əsaslanan və operativ məzmun yaradırlar. Lakin jurnalistlər peşəkar təhsil, redaksiya nəzarəti, faktların yoxlanması və etik prinsiplər əsasında işləyirlər. Bu səbəbdən blogerlər informasiya məkanında mühüm rol oynasa da, jurnalistikanı tam şəkildə əvəz edə bilmirlər.
Blogerlik fəaliyyəti də böyük auditoriyaya təsir göstərdiyi üçün etik məsuliyyət daşımalıdır. Sosial mediada paylaşılan hər bir məlumat insanların düşüncəsinə, davranışına və ictimai rəyə təsir edə bilər. Etik prinsiplərə əməl olunmadıqda yalan məlumatların yayılması, şəxsi həyatın pozulması və cəmiyyətin çaşdırılması kimi problemlər ortaya çıxır. Buna görə də blogerlər azad ifadə hüququndan istifadə edərkən ictimai məsuliyyəti də unutmamalıdırlar.
Sosial mediada yayılan məlumatlara etibar məsələsi isə xüsusilə həssasdır. Bu platformalarda məlumatlar çox vaxt mənbəsiz, yoxlanılmamış və emosional formada paylaşılır. Dezinformasiya və manipulyasiya riski yüksək olduğu üçün hər yayılan xəbəri doğru qəbul etmək düzgün deyil. Oxucu və izləyicilər məlumatın mənbəyini, məqsədini və doğruluğunu araşdırmadan nəticə çıxarmamalıdırlar.
Bütün bunlara baxmayaraq, peşəkar jurnalistika hələ də vacib olaraq qalır. Jurnalistlər cəmiyyət üçün əhəmiyyətli məlumatları dəqiqliklə, balanslı və obyektiv şəkildə təqdim edirlər. Onlar hakimiyyətin, qurumların və ictimai proseslərin üzərində nəzarət mexanizmi rolunu oynayırlar. Məhz bu xüsusiyyətlərinə görə peşəkar jurnalistika informasiya xaosunun qarşısını alan əsas dayaqlardan biridir və rəqəmsal dövrdə də öz əhəmiyyətini qoruyur".
Ayisə Şərifova
