BMT-də 159 ölkə Fransız Polineziyasının dekolonizasiya prosesini dəstəkləyib
BMT Baş Assambleyasının Dördüncü Komitəsində Fransız Polineziyasının dekolonizasiyası ilə bağlı qətnamə layihəsi 159 lehinə, 2 əleyhinə və 4 bitərəf səslə qəbul edilib. Qətnamədə xalqın öz müqəddəratını təyinetmə hüququ təsdiqlənib və Fransadan BMT ilə əməkdaşlıq tələb olunub. Fransa səsvermədə bitərəf qalıb. Bakı Təşəbbüs Qrupu isə Fransız Polineziyası xalqının hüquqlarını müdafiə etməyə davam edir.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Fransanın müstəmləkələrində müstəqillik uğrunda mübarizə tarixinə Azərbaycanın dəstəyi xüsusi hərflərlə yazılacaq:
“Bir neçə ildir fəaliyyət göstərən Bakı Prosesi Platforması çərçivəsində Fransanın müstəmləkələrində oyanış hərəkatı başlayıb. Yeni Kaledoniyada, Fransız Polineziyasında, Qvadelupada və digər keçmişdən qalan müstəmləkə ərazilərində milli oyanış həm sürətlənir, həm də müstəqil dövlətçiliyə yönəlik istiqamətdə aktivləşir. Əslində Fransanın və digər yeni müstəmləkə ərazilərinə malik ölkələrin öz keçmiş müstəmləkələrinə azadlıq verməsi beynəlxalq hüquq normalarının verdiyi tələbdir. Hətta bununla əlaqədar BMT-nin xüsusi komissiyası da, komitəsi də İkinci Dünya müharibəsindən sonra 60-cı illərdə yaradılıb. Həmin BMT-nin xüsusi komitəsi dekolonizasiya olunmalı keçmiş müstəmləkələrin siyahısını müəyyənləşdirir və BMT qarşısında, eləcə də onların birbaşa asılı olduğu ölkələr qarşısında onların müstəqilliyinin təmin olunması tələb kimi qoyulur”.
Müsahibin sözlərinə görə, Fransa təəssüf ki, indiyə qədər ən çox yeni müstəmləkəçi əraziyə malik ölkə olaraq özünün keçmiş müstəmləkələrinin heç birinə müstəqillik verməyib:
“Yeni Kaledoniyada əhalinin tələbi ilə bir neçə dəfə referendum keçirilsə də, ama bu referendumlar müxtəlif vasitələrin müdaxiləsi ilə fransız mərkəzi hakimiyyətinin mənafeyinə uyğun nəticələrlə yekunlaşdırılıb. Məsələn, əhalinin Kaledoniyada tərkibini süni şəkildə dəyişiblər, keçmişdə sonradan ora gələnlərə həlledici səs hüququ veriblər. Bütün bunlar Kaledoniya xalqının müstəqillik uğrunda mübarizəsinin hələ də uzanmasına gətirib çıxarıb”.
Həmçinin o qeyd edib ki, Fransız Polineziyasının mənafeyi ilə bağlı qəbul olunan bu qətnamədə Azərbaycanın çox böyük payı var:
“Çünki əgər 150-dən artıq ölkə Polineziyanın müstəqilliyini dəstəkləyibsə, bu o deməkdir ki, Polineziyanın müstəqil bir beynəlxalq hüquq subyektinə çevrilməsi artıq zaman işidir və Fransa Polineziyanın müstəqilliyini və hüquqlarını tanımaq məcburiyyətində qalacaq”.
Nəticə olaraq siyasi şərhçi bildirib ki, əslində bu vəziyyət dünyanın indiki geosiyasi durumunda elə bir dəyişikliyə gətirib çıxarmayacaq:
“Çünki yeni yaranmaqda olan keçmiş müstəmləkə ölkələri böyük geosiyasi iddialar ortaya qoymurlar. Onların əsas işi ancaq özlərinin müstəqillik vəziyyətlərini və hüquqlarını möhkəmləndirməkdir. Amma Fransanın keçmiş müstəmləkələrinin azadlığa çıxmasında Azərbaycanın dəstəyi qlobal bəşəri əhəmiyyət kəsb edir”.
Aysu Abbasova