00:00:00
Yazar
Ayan Sadi
08.10.2026 23:27 36 2 dəq oxuma
Siyasət

BMT-dən Azərbaycana yeni təşəbbüs

BMT-dən Azərbaycana yeni təşəbbüs

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Təşkilat ölkə ilə əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsini və birgə layihələrin artırılmasını nəzərdə tutur.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, BMT-nin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsində əsas məqsəd ölkənin uzunmüddətli inkişaf prioritetlərinə beynəlxalq dəstəyi artırmaq, dayanıqlı inkişaf məqsədlərinə nail olunmasını sürətləndirmək və müxtəlif sahələrdə institusional əməkdaşlığı gücləndirməkdir.

 

“Azərbaycan üçün bu əməkdaşlıq yalnız beynəlxalq təşkilatla münasibətlərin genişlənməsi deyil, həm də qabaqcıl təcrübələrin, yeni texnologiyaların və ekspert potensialının ölkəyə cəlb edilməsi baxımından əhəmiyyətlidir. Xüsusilə təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyinə uyğunlaşma, sosial müdafiə və dövlət idarəçiliyi kimi istiqamətlərdə birgə layihələrin artırılması mümkündür. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, ekoloji bərpa və sosial infrastrukturun inkişafı məsələləri də əməkdaşlığın perspektivli istiqamətləri sırasında nəzərdən keçirilə bilər”.

 

Züriyə Qarayeva vurğulayıb ki, BMT ilə əməkdaşlıq Azərbaycanın milli inkişaf strategiyasını əvəz etmir, əksinə, həmin strategiyanın həyata keçirilməsinə beynəlxalq təcrübə və texniki dəstək vasitəsilə töhfə verir.

 

“Bu əməkdaşlığın sosial və iqtisadi nəticələrinə gəldikdə isə, ən mühüm istiqamətlərdən biri iqtisadiyyatın şaxələndirilməsi və insan kapitalının inkişafıdır. Azərbaycanla BMT arasında imzalanmış 2026–2030-cu illər üzrə yeni əməkdaşlıq çərçivəsində inklüziv iqtisadi artım, məşğulluq imkanlarının genişləndirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyata keçid əsas prioritetlər kimi müəyyənləşdirilib”.

 

Politoloqun sözlərinə görə, bu istiqamətlərdə nəzərdə tutulan tədbirlərin səmərəli həyata keçirilməsi regionlarda yeni iş yerlərinin yaradılmasına, qadınların və gənclərin iqtisadi fəallığının artmasına, sosial xidmətlərin əlçatanlığının yaxşılaşmasına və əhalinin həyat keyfiyyətinin yüksəlməsinə töhfə verə bilər.

 

“Digər mühüm məsələ isə Azərbaycanın beynəlxalq inkişaf təşəbbüslərində iştirakının genişlənməsidir. BMT ilə əməkdaşlığın dərinləşməsi ölkənin həm qlobal inkişaf proseslərində iştirakına, həm də öz təcrübəsini beynəlxalq müstəvidə bölüşməsinə əlavə imkanlar yaradır.

 

Nəticə etibarilə, bu əməkdaşlığın real uğuru imzalanan sənədlərlə deyil, həyata keçirilən layihələrin vətəndaşların gündəlik həyatına nə dərəcədə müsbət təsir göstərməsi ilə ölçüləcək”.

 

Nuray Dadaşzadə

#azərbaycan #bmt-dən #azərbaycana #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər