00:00:00
Yazar
Elmira Ağayeva
07.10.2026 23:23 124 3 dəq oxuma
Siyasət

BMT-nin ABŞ-İran münaqişəsinə son qoyulması və qlobal ticarətə dəyən zərərin azaldılması çağırışı

BMT-nin ABŞ-İran münaqişəsinə son qoyulması və qlobal ticarətə dəyən zərərin azaldılması çağırışı

 

ABŞ-İran münaqişəsinin kəskinləşməsi və bunun qlobal iqtisadiyyata, enerji marşrutlarına və regional təhlükəsizliyə təsiri müasir beynəlxalq münasibətlərin əsas risklərindən biri kimi qiymətləndirilir. BMT Baş katibi Antoniu Quterreş və beynəlxalq qurumlar belə geosiyasi böhranların dünya ticarətinə vurduğu zərərin azaldılması üçün tərəfləri dialoqa və diplomatiyaya çağırırlar.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, ABŞ-İran hərbi qarşıdurmasının qlobal ticarət üçün sistemik böhrana çevrilməsi Hörmüz boğazının tamamilə bağlanması və regiondakı neft-qaz infrastrukturunun dağıdılması halında baş verə bilər:

“Qlobal neft tədarükünün təqribən 20%-nin keçdiyi bu strateji nöqtənin iflic olması enerji daşıyıcılarının qiymətinin kəskin artmasına, qlobal inflyasiya dalğasına və tədarük zəncirlərinin qırılmasına səbəb olar. Hörmüz boğazı ilə yanaşı, İranın regiondakı proksi qüvvələri vasitəsilə Bab əl-Məndəb boğazı və Qırmızı dənizdəki gəmiçilik yollarını tamamilə təhlükə altına salması qlobal dəniz ticarətində tanker daşımalarının daha uzun və bahalı marşrutlara, Afrika ətrafına yönəlməsinə səbəb olar. Bu da sığorta və logistika xərclərini 3-4 dəfə artırar”.

Ekspert qeyd edib ki, münaqişənin davam etməsi beynəlxalq enerji və gəmiçilik marşrutları ilə yanaşı, region ölkələrinin iqtisadiyyatına da təsir göstərə bilər:

“Qlobal neft tədarükünün təqribən 20%-nin keçdiyi Hörmüz boğazında təhlükəsizliyin pozulması enerji daşıyıcılarının qiymətinin kəskin artmasına səbəb ola bilər. Bununla yanaşı, Bab əl-Məndəb boğazı və Qırmızı dənizdə gəmiçilik yollarının təhlükə altına düşməsi tanker daşımalarının daha uzun və bahalı marşrutlara yönəlməsinə gətirib çıxarır. Bu vəziyyət enerji və logistika xərclərini artırmaqla region ölkələrinin iqtisadiyyatına da təsir göstərə bilər.

Azərbaycan da bu prosesdən kənarda qalmaya bilər. Enerji qiymətlərinin artması müəyyən mənada ölkənin enerji ixracından əldə etdiyi gəlirlərə təsir göstərsə də, digər tərəfdən logistika və idxal xərclərinin yüksəlməsi iqtisadi təzyiqləri artıra bilər. Regionda təhlükəsizlik risklərinin artması Azərbaycanın enerji və nəqliyyat marşrutlarının əhəmiyyətini də yüksəldə bilər”.

Tural İrfan BMT Baş katibinin müharibəyə son qoymaq və diplomatiyaya qayıtmaq çağırışının reallaşması üçün ABŞ və İranın qarşılıqlı addımlar atmasının vacib olduğunu bildirib:

“BMT Baş katibinin çağırışlarının real nəticə verməsi üçün ABŞ və İran qarşılıqlı olaraq bəzi addımlar atmalıdır. İran uranın zənginləşdirilməsi faizini dərhal aşağı salmalı və MAQATE müfəttişlərinin nüvə obyektlərinə tam, məhdudiyyətsiz girişini təmin etməlidir. ABŞ da bunun müqabilində İranın neft ixracı və bank sektoruna tətbiq etdiyi bəzi ağır sanksiyaları mərhələli şəkildə dondurmalıdır.

İran Yəmən, Livan və İraqdakı silahlı qruplaşmalara maliyyə və hərbi dəstəyi azaltmaq öhdəliyi götürməlidir. ABŞ isə regiondakı müttəfiqləri ilə birlikdə bu qüvvələrə qarşı hərbi eskalasiyanı dayandırmalıdır. Tərəflər arasında yanlış anlaşılmaların və gözlənilməz hərbi toqquşmaların qarşısını almaq üçün BMT-nin və ya bitərəf bir ölkənin vasitəçiliyi ilə birbaşa hərbi-diplomatik rabitə kanalı işə salınmalıdır. Əks təqdirdə, ümumiyyətlə, dünyada siyasi və iqtisadi gərginliyin daha da artacağı gözlənilir”.

Gülnar Mustafayeva

#azərbaycan #gündəm #münaqişəsinə #çağırışı #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər