00:00:00
Yazar
Elmira Ağayeva
20.11.2026 23:12 29 2 dəq oxuma
Siyasət

Boçorişvili: 14 ölkə Gürcüstanın ATƏT-ə sədrliyinə qarşı çıxır

Boçorişvili: 14 ölkə Gürcüstanın ATƏT-ə sədrliyinə qarşı çıxır

 

Gürcüstanın ATƏT-ə sədrliyi ətrafında yaranan fikir ayrılıqları təşkilat daxilində siyasi gərginliyi artırıb. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkənin sədrliyinə qarşı çıxan 14 dövlətin olduğunu bildirib. Onun sözlərinə görə, bu ölkələr sırasında ABŞ, Ukrayna və Gürcüstanın qonşu dövlətləri yer almır. Nazir etirazların Brüsselin göstərişləri əsasında formalaşması ehtimalını da istisna etməyib. O, sədrliyə dair qərarın qəbul edilməməsinin ATƏT daxilində ciddi böhrana səbəb ola biləcəyini vurğulayıb.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, Gürcüstanın ATƏT-ə sədrliyi ilə bağlı rəsmi olaraq 14 ölkənin etirazı qeydə alınmasa da, proses ətrafında ciddi fikir ayrılıqları mövcuddur. Onun sözlərinə görə, Türkiyənin veto hüququndan istifadə etməsi qərarın qəbul edilməsinə mane olub:

“Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərdə yaranan gərginlik də bu məsələyə təsir göstərir. Avropa tərəfinin Gürcüstan hakimiyyətinin son dövrlərdə Rusiya yönümlü siyasətinə mənfi münasibəti ölkənin ATƏT-ə sədrliyi məsələsinə də təsirsiz ötüşmür.

ATƏT-ə sədrlik edən ölkənin neytral mövqe tutması vacibdir. Rusiya ilə Gürcüstan, eləcə də Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin gərgin olması Gürcüstanın sədrliyini çətinləşdirən əsas amillərdəndir.

Brüsselin prosesə təsir göstərməsi ehtimalı da istisna edilmir. Lakin bunu birbaşa göstərişdən daha çox, ümumi siyasi mövqenin formalaşdırılması kimi qiymətləndirmək lazımdır.

Qərar qəbul edilmədiyi təqdirdə ATƏT-də ciddi böhran yarana bilər. Hətta təşkilat tarixində ilk dəfə olaraq 2027-ci ilə sədrsiz daxil olmaq ehtimalı var. ATƏT-də qərarlar konsensus əsasında qəbul edildiyindən, sədrin müəyyənləşdirilməməsi gündəlik qərarların qəbuluna və büdcənin təsdiqlənməsinə mane ola bilər. Bu isə təşkilat çərçivəsində fəaliyyət göstərən müxtəlif formatların işinə də mənfi təsir göstərə bilər”.

Politoloqun sözlərinə görə, son görüş ATƏT kimi beynəlxalq platformaların qlobal proseslərdə rolunun zəiflədiyini və müəyyən məsələlərdə kənarda qalmaq ehtimalının artdığını göstərir. O hesab edir ki, təşkilatın hazırkı vəziyyəti onun gələcək fəaliyyətinə də mənfi təsir göstərə bilər.

Fidan Alışova

#yeni #ölkə #boçorişvili: #sədrliyinə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər